İranda ölkənin öldürülmüş keçmiş ali rəhbəri Ayətullah Əli Xamenei ilə vida mərasimləri başlayıb.
MSNews.az xəbər verir ki, vida mərasimi Tehranda start götürüb. İran hakimiyyəti Xamenei ilə bağlı mərasimlərin bir neçə gün davam edəcəyini və ölkənin müxtəlif şəhərlərini əhatə edəcəyini bildirib.
“Reuters”-in məlumatına görə, Xameneinin dövlət dəfn mərasimi iyulun 4-də Tehranda başlayacaq və iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində dəfn olunması ilə yekunlaşacaq. Agentlik İran dövlət mediasına istinadən yazır ki, mərasimlər Tehrandan sonra digər dini və siyasi mərkəzlərdə də davam edəcək.
“Reuters” yazır ki, vida və dəfn mərasimləri çərçivəsində Tehranla yanaşı Qumda da tədbirlər planlaşdırılır. Bundan başqa, mərasimlərin bir hissəsi İraqın şiələr üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək.
“The National”-ın məlumatına görə, İraqdakı mərasimlər iyulun 8-nə nəzərdə tutulub. Nəşr yazır ki, əvvəlcə Bağdadda da dayanacaq planlaşdırılsa da, vaxt məhdudiyyəti səbəbindən bu mərhələnin proqramdan çıxarıldığı bildirilir.
Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələri başladığı gün öldürülüb. “Reuters” martın 1-də yaydığı materialda onun 86 yaşında öldüyünü yazmışdı. Xamenei 1989-cu ildən İranın ali rəhbəri idi və ölkənin siyasi sistemində ən yüksək səlahiyyətə malik şəxs hesab olunurdu.