İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Beqaei Azərbaycanla münasibətlərə dair açıqlama verib. O bildirib ki, Azərbaycan müharibə dövründə “əsl qonşu” kimi davranaraq İranla münasibətlərdə konstruktiv mövqe sərgiləyib.
Beqaei qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumu ilə bağlı məsələ yüksək səviyyədə araşdırılıb. Onun sözlərinə görə, bu insident İran və Azərbaycanın dövlət başçıları arasında da müzakirə olunub.
“Prezidentlər arasında telefon danışığı zamanı hadisənin necə baş verdiyini müəyyən etmək üçün birgə araşdırma aparılması barədə qərar qəbul edilib”, – deyə Bağaei vurğulayıb.
O əlavə edib ki, bəzi qüvvələr bu cür hadisələrdən istifadə edərək İran–Azərbaycan münasibətlərinə zərər vurmağa çalışır. Buna görə də tərəflərin əsas məqsədi vəziyyəti tez bir zamanda aydınlaşdırmaqdır.
İran XİN rəsmisi həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı atdığı addımları da xatırladıb. O qeyd edib ki, Prezident Əliyev İranın ali lideri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı vermək üçün İran səfirliyini ziyarət edib, həmçinin yeni ali liderin seçilməsi münasibətilə təbrik mesajı ünvanlayıb.
Beqaeinin sözlərinə görə, bu addımlar iki ölkə arasında münasibətlərin inkişafına və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.