İranın Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücumu regionda təhlükəsizlik mühitinə dair yeni riskləri gündəmə gətirib.
Siyasi araşdırmaçı Asif Nərimanlı MSNews.az-a açıqlamasında bildirib ki, bu hadisə Tehran rejiminin Azərbaycana qarşı təhdidlərini praktik müstəviyə keçirməsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, qarşıdakı dövrdə müxtəlif istiqamətlərdə təxribatların davam etməsi ehtimalı istisna edilmir.
Araşdırmaçı qeyd edib ki, mümkün istiqamətlərdən biri də İran rejiminin Azərbaycanda yaratdığı şəbəkələrdir. Nərimanlının sözlərinə görə, SEPAH tərəfindən formalaşdırılmış “Hüseyniyyun” qruplaşmasının koordinasiya etdiyi bu hücrələr 2015-ci ildə Nardaran hadisələri və 2018-ci ildə Gəncə hadisələrindən sonra böyük ölçüdə zərərsizləşdirilib.
Bununla belə, o hesab edir ki, İran Azərbaycanda əvvəlki təsir imkanlarını bərpa edə bilməsə də, müəyyən hücrələr hələ də mövcuddur və xüsusilə informasiya müstəvisində aktivlik göstərirlər. Nərimanlı vurğulayıb ki, burada söhbət inanclı şiələrdən deyil, Xomeyni ideologiyasına bağlı olan qruplardan gedir.
Onun sözlərinə görə, İranda ilin əvvəlindən başlayan etirazlar, hazırda davam edən müharibə və Naxçıvana hücum fonunda verilən reaksiyalar bu şəbəkələrin aktivliyini göstərir.
Siyasi araşdırmaçı hesab edir ki, hazırda rejimə bağlı qüvvələr əvvəlkindən daha təhlükəli ola bilər. Nərimanlının fikrincə, “ölüm-qalım” mərhələsinə daxil olan İran rejimi total qarşıdurma məntiqi ilə regionu daha geniş xaosa sürükləməyə çalışa bilər.
“Əgər bunu hazırda hava hücumları ilə edirlərsə, qarşıdakı günlərdə hücrələri hərəkətə gətirərək müxtəlif təxribat planlarını həyata keçirməyə cəhd göstərə bilərlər”, – deyə o bildirib.
Asif Nərimanlı diqqətə çatdırıb ki, Naxçıvana hücumdan əvvəl İran rejiminə bağlı şəxslərin “WhatsApp” üzərindən yaydıqları mesajlar da bu kontekstdə diqqət çəkir. Həmin mesajlarda Azərbaycanın guya ABŞ və İsrailin hücumlarında iştirak edəcəyi və bunun ölkəni təhlükəyə atacağı kimi iddialar irəli sürülürdü.
Araşdırmaçı qeyd edib ki, cəmiyyət bu cür informasiya manipulyasiyalarına qarşı daha ayıq olmalıdır.
Analitik şərh | Asif NƏRİMANLI