İran: “Hücumlar dayandırılmayınca neft blokadası davam edəcək”

İran və ABŞ arasında gərginlik artır. Tehran neft blokadasını davam etdirəcəyini bildirir, Tramp isə Hörmüz boğazının bağlanacağı halda sərt hərbi cavab vəd edir.

42

İran ABŞ və İsrailin hücumları davam edəcəyi təqdirdə Yaxın Şərqdən neft ixracına imkan verməyəcəyini bəyan edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, hücumlar dayandırılmasa, regiondan “bir litr belə neftin” daşınmasına icazə verilməyəcək.

Bu bəyanata cavab olaraq Donald Tramp xəbərdarlıq edib ki, İran neft ixracını bloklamağa cəhd edərsə, ABŞ daha sərt zərbələr endirəcək. Tramp xüsusilə strateji əhəmiyyətə malik Hörmüz boğazı vasitəsilə tanker hərəkətinin dayandırılacağı halda Vaşinqtonun “indiyədək görüləndən dəfələrlə güclü” hərbi cavab verəcəyini bildirib.

SEPAH rəsmiləri isə ABŞ prezidentinin açıqlamalarını “mənasız” adlandıraraq müharibənin nə vaxt bitəcəyini İranın müəyyən edəcəyini bəyan ediblər.

Məlumata görə, fevralın sonundan bəri ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava və raket zərbələri nəticəsində azı 1332 mülki şəxs həlak olub, minlərlə insan yaralanıb. Eyni zamanda, Yaxın Şərqin əsas enerji marşrutlarından biri olan Hörmüz boğazında tanker hərəkəti faktiki olaraq dayanıb və bu vəziyyət qlobal enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub.

Buna baxmayaraq, bazarlarda münaqişənin tezliklə başa çata biləcəyi ilə bağlı ümidlər fonunda neft qiymətləri əvvəlki kəskin artımdan sonra yenidən eniş göstərib, dünya fond bazarlarında isə müəyyən canlanma müşahidə olunub.

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la danışıqların yenidən başlanmasının çətin olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlki danışıqlardan sonra ABŞ-ın hücumlara başlaması Tehranda Vaşinqtona etimadı ciddi şəkildə sarsıdıb.