İran Hörmüz qaydalarını pozan gəmiləri müsadirə ilə hədələyib

İran Hörmüz boğazından keçid üçün müəyyən etdiyi qaydaları pozan gəmilərin cərimələnə, saxlanıla və ya müsadirə oluna biləcəyini açıqlayıb. Tehran artıq 45 tankeri qayda pozucuları siyahısına daxil edib.

16

İran Hörmüz boğazından keçid üçün müəyyən etdiyi qaydalara əməl etməyən gəmilərin cərimələnə, saxlanıla və hətta müsadirə oluna biləcəyi barədə xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, “Reuters” İranın yeni yaratdığı Fars Körfəzi Boğazı İdarəsinin açıqlamasına istinadən yazır ki, Tehran artıq keçid qaydalarını pozduğunu bildirdiyi 45 tankeri “uyğun olmayan gəmilər” siyahısına daxil edib. Siyahıda xam neft, neft məhsulları və mayeləşdirilmiş qaz daşıyan tankerlər var.

İran tərəfinin məlumatına görə, boğazdan keçid qaydalarını pozan gəmilərə sonrakı səfərləri zamanı məhdudiyyətlər tətbiq oluna, onlar cərimələnə, saxlanıla və ya müsadirə tədbirləri ilə üzləşə bilərlər. “Anadolu Agentliyi” bildirir ki, Fars körfəzinə və ya oradan yük daşıyan şirkətlərə gəmi icarəyə götürməzdən əvvəl İranın yenilənmiş qayda pozucuları siyahısını yoxlamaq tövsiyə olunub.

Qaydalar siyahıdakı gəmilərlə əməkdaşlıq edən digər dəniz nəqliyyatı vasitələrinə də şamil edilə bilər. Belə ki, gəmidən-gəmiyə yük ötürülməsi və tranzit əməliyyatlarında siyahıya salınmış tankerlərlə əməkdaşlıq edən gəmilərin də məhdudiyyət siyahısına əlavə ediləcəyi bildirilib. Siyahıdan çıxmaq istəyən gəmi sahibləri isə qayda pozuntusunun səbəblərini izah edən rəsmi müraciəti İranın dənizçilik orqanlarına təqdim etməlidirlər.

“Reuters”in məlumatına görə, siyahıya Səudiyyə Ərəbistanının “Bahri”, BƏƏ-nin “ADNOC Logistics & Services”, Cənubi Koreyanın “Sinokor”, eləcə də digər beynəlxalq şirkətlərlə əlaqəli tankerlər daxildir. Şirkətlər İranın qərarı ilə bağlı ilkin sorğulara cavab verməyiblər.

Hörmüz boğazında gəmiçilik son aylarda regiondakı hərbi-siyasi gərginlik səbəbindən ciddi şəkildə zəifləyib. “Beynəlxalq Dəniz Təşkilatı” avqustun 21-dək Hörmüz və Yaxın Şərq sularında 68 təsdiqlənmiş dəniz insidenti və 19 dənizçi ölümünün qeydə alındığını bildirib.

Hörmüz dünyanın ən mühüm enerji marşrutlarından biridir. “Reuters” boğazdan dünya neft və qaz daşımalarının təxminən beşdə birinin keçdiyini qeyd edir. İranın yeni məhdudiyyətləri buna görə beynəlxalq gəmiçilik və enerji bazarları üçün əlavə risk yaradır.