Suriya ordusu İraq sərhədində cəmləşir

Suriya ordusunun İraq sərhədi yaxınlığında əlavə qüvvələr yerləşdirərək hərbi hazırlıq səviyyəsini artırdığı bildirilir. Dəməşq qərarın səbəbini hələlik rəsmən açıqlamayıb.

64

Suriya ordusu bəzi hərbi birləşmələrdə hazırlıq səviyyəsini yüksəldərək İraqla sərhəd yaxınlığına əlavə qüvvələr yerləşdirib.

MSNews.az xəbər verir ki, “Syria TV” hərbçilərə dərhal bölmələrinə qayıtmaq göstərişi verildiyini yazıb. Bəzi Suriya və ərəb media orqanları tədbirləri “C həyəcanı” vəziyyəti kimi təqdim etsə də, Müdafiə Nazirliyi qərarın səbəbini və müddətini rəsmən açıqlamayıb.

İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əs-Səidi “İraq Xəbər Agentliyi”nə bildirib ki, sərhəddə vəziyyət normaldır və Suriya tərəfinin hərəkətləri Bağdadla koordinasiya olunur. O, hazırda İraq istiqamətindən konkret təhlükənin olmadığını vurğulayıb.

“Əl-Məcəllə” Dəməşqin İrana bağlı silahlı qrupların sərhəddəki fəaliyyətindən narahat olduğunu yazıb. Lakin hazırkı yerləşdirmənin birbaşa “Haşdi-Şabi”yə qarşı aparıldığına dair rəsmi təsdiq yoxdur.