İran ABŞ-ı hədələdi: “Hərbi gəminin batırılmasına görə acı peşman olacaqsınız”

İran ABŞ-nin Şri-Lanka yaxınlığında "IRIS Dena" hərbi gəmisini batırmasına sərt reaksiya verib və Vaşinqtonun bu addımına görə “acı peşman olacağını” bəyan edib.

48

İran ABŞ-ı İran hərbi gəmisini batırmaqda ittiham edərək bunun ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Vaşinqton bu addımına görə “acı şəkildə peşman olacaq”.

Nazirin sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələrinə məxsus IRIS Dena freqatı Şri-Lanka sahilləri yaxınlığında ABŞ sualtı qayığı tərəfindən torpedo ilə vurularaq batırılıb. O qeyd edib ki, gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı kimi Benqal körfəzi bölgəsində keçirilən hərbi təlimlərdə iştirak edirdi və hücum beynəlxalq sularda xəbərdarlıq edilmədən həyata keçirilib.

İran tərəfinin məlumatına görə, gəmidə olan təxminən 130 nəfər heyət üzvündən 80-dən çoxu həlak olub, 30-dan artıq yaralı xəstəxanalara yerləşdirilib, digərlərinin taleyi isə naməlum qalır. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Nalinda Cayatissa parlamentdə çıxışında bildirib ki, daha bir İran hərbi gəmisi ölkənin ərazi sularına yaxın ərazidə hərəkət edir və hökumət regional təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər görür.

ABŞ müdafiə rəsmiləri isə əməliyyatı Vaşinqtonun hərbi gücünün nümayişi kimi qiymətləndiriblər. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Amerika sualtı qayığı beynəlxalq sularda olan İran gəmisini torpedo ilə batırıb. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn isə bunu ABŞ-nin qlobal hərbi imkanlarının nümayişi adlandırıb və qeyd edib ki, ABŞ torpedosunun gəmini batırması İkinci Dünya Müharibəsindən sonra ilk dəfə baş verir.

Hadisə ABŞ-ın İrana qarşı başladığı “Epik Qəzəb” əməliyyatı çərçivəsində baş verib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, bu kampaniya zamanı İranın 20-dən çox hərbi gəmisi zərərsizləşdirilib və ya batırılıb.

Eyni zamanda, İran tərəfi cavab tədbirləri çərçivəsində SEPAH qüvvələrinin Fars körfəzi bölgəsində ABŞ-a məxsus neft tankerinə zərbə endirdiyini açıqlayıb.

Artan gərginlik fonunda strateji enerji marşrutu sayılan Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb. Bu isə qlobal neft və qaz qiymətlərinin artmasına, daşınma xərclərinin yüksəlməsinə və sığorta şirkətlərinin müharibə riskləri üzrə təminatı dayandırmasına səbəb olub.

Bu arada ABŞ senatoru Riçard Blamental davam edən müharibənin ABŞ-nin silah ehtiyatlarını azalda biləcəyindən narahatlığını ifadə edərək bunun Ukraynaya hərbi yardım imkanlarına təsir göstərə biləcəyini bildirib.