Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumu və regiondakı son hadisələri müzakirə ediblər.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı zamanı Pezeşkian İlham Əliyevin İranın Bakıdakı səfirliyini ziyarət edərək ayətullah Əli Xameneinin və digər mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verməsinə, həmçinin Tehrana humanitar yardım göstərmək niyyətinə görə təşəkkür edib.
İran prezidenti Naxçıvana pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücumda İranın hər hansı iştirakının olmadığını bildirib. O qeyd edib ki, baş vermiş hadisə ətraflı araşdırılacaq.
İlham Əliyev isə öz növbəsində İran ərazisində baş verən son hadisələr nəticəsində çoxsaylı mülki şəxslərin həyatını itirməsi ilə bağlı bir daha başsağlığı verib.
Telefon danışığı zamanı Azərbaycan Prezidenti Naxçıvana edilən hücumun ciddi araşdırılmasının vacibliyini vurğulayıb. Tərəflər həmçinin Azərbaycan və İran arasında həyata keçirilən birgə iqtisadi layihələr barədə də fikir mübadiləsi aparıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi martın 5-də Naxçıvan Muxtar Respublikasına İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlamışdı.
Məlumata görə, pilotsuz aparatlardan biri Naxçıvan beynəlxalq hava limanının ərazisinə, digəri isə Şəkərabad kəndində yerləşən məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində hava limanının binasına ziyan dəyib, 4 mülki şəxs yaralanıb.
Hadisədən sonra İranın Bakıdakı səfiri Müctəba Dermiçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.
Prezident İlham Əliyev hücumu “terror aktı” kimi qiymətləndirərək Azərbaycan ordusuna cavab tədbirlərinin hazırlanması ilə bağlı tapşırıqlar verdiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə hücumla İranın əlaqəsinin olmadığını iddia edərək hadisənin İsrail tərəfindən ölkəsini günahlandırmaq məqsədilə həyata keçirilmiş ola biləcəyini qeyd edib.