ABŞ eksperti İlham Əliyevi dünyanın ən təsirli yüksələn liderləri sırasına daxil etdi.
ABŞ-ın milli təhlükəsizlik eksperti Ceyms Cey Karafano Azərbaycanın Prezidenti İlham Əliyevi dünyanın ən təsirli yüksələn siyasi liderləri sırasında göstərib.
“X” sosial şəbəkəsində paylaşım edən amerikalı analitik bildirib ki, bu siyahıya qlobal siyasətdə artan təsirə malik liderlər daxildir. Onun sözlərinə görə, siyahıda yer alan siyasətçilər beynəlxalq gündəmə təsir göstərmək potensialı və regional liderlik qabiliyyətləri ilə seçilirlər.
Karafano paylaşımında belə yazıb:
“Bugünkü siyahı dünyanın ən təsirli yüksələn liderlərini əhatə edir: Xavier Milei, Ciorcio Meloni, Xose Antonio Kast, Aleksandr Stubb, Narendra Modi, Sanae Takaiçi, Karol Navroçki, Gert Yan Dans, İlham Əliyev, Mərakeş kralı VI Mohammed, Volodimir Zelenski, Benyamin Netanyahu və Fridrix Mers.Onların hamısından ayrı bir liqada isə Donald Tramp yer alır.”

Məlumata görə, Karafano ABŞ-ın aparıcı analitik mərkəzlərindən biri olan “The Heritage Foundation”-da fəaliyyət göstərir. O, bu qurumun xarici siyasət üzrə tədqiqat mərkəzi – “Douglas & Sarah Allison” Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru, həmçinin ”Kathryn & Shelby Cullom Davis” Beynəlxalq Araşdırmalar İnstitutunun vitse-prezidentidir.
Ekspert ABŞ Konqresi qarşısında müdafiə, kəşfiyyat və daxili təhlükəsizlik mövzularında dəfələrlə ifadə verib və hazırda “Heritage Foundation” çərçivəsində antisemitizmə qarşı təşəbbüslərə rəhbərlik edir.