İlham Əliyev dövlət qurumlarının yenidən təşkili ilə bağlı Fərman imzaladı

Prezident İlham Əliyev dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Yeni agentlik və institutlar yaradılır, bəzi qurumlar birləşdirilir.

30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi yaradılır. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi formalaşdırılır. Bu mərkəzin tərkibində Bitkiçilik Elmləri İnstitutu, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu fəaliyyət göstərəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində isə Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu yaradılır.

Bundan başqa, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi birləşdirilərək yenidən təşkil ediləcək.

Nazirlər Kabinetinə iki ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Maliyyə Nazirliyi isə yeni qurumların maliyyələşdirilməsini cari ilin dövlət büdcəsi çərçivəsində təmin edəcək və strukturun optimallaşdırılması istiqamətində maliyyə ekspertizası aparacaq.

Fərman dövlət qurumlarının fəaliyyətində səmərəliliyin artırılması, idarəetmədə optimallaşdırma və resurslardan daha effektiv istifadə məqsədi daşıyır.