Prezident İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
MSNews.az xəbər verir ki, çıxışına Azərbaycan dilində başlayan Norman həyat yoldaşı Kerri ilə 27 il əvvəl Azərbaycana ilk səfərini xatırladıb. O, həmin dövrdən bəri ölkənin böyük inkişaf yolu keçdiyini bildirib və Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni səhifənin açılmasında iştirak etməkdən şərəf duyduğunu deyib.
Səfir iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üzərində iş aparıldığını vurğulayıb. Onun sözlərinə görə, bərpaolunan enerji, müdafiə, təhlükəsizlik, aviasiya, innovasiya və təhsil gələcək əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Norman görüşdən sonra da iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.
Britaniyalı diplomat həmçinin Londonun Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması istiqamətində səylərini dəstəklədiyini bildirib. O, Böyük Britaniyanın Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək göstərən ilk beynəlxalq tərəfdaşlardan olduğunu xatırladıb.
Prezident İlham Əliyev isə Azərbaycan-Böyük Britaniya gündəliyinin yalnız ikitərəfli münasibətlər deyil, regional inkişaf və əməkdaşlıq baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı minatəmizləmə sahəsində dəstəyə görə Britaniya hökumətinə təşəkkür edib və bu istiqamətdə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu bildirib.
Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət ayrılıb. Prezident iki ölkə arasında tərəfdaşlığın təxminən 30 il əvvəl enerji sektorundan başladığını, hazırda isə bərpaolunan enerji sahəsində böyük potensialın yarandığını qeyd edib. bp hazırda Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasını inşa edir. Şirkətin rəsmi məlumatına görə, layihənin dəyəri təxminən 200 milyon dollardır.
Dövlət başçısı Azərbaycanın müstəqilliyinin 35 illik dövründə ilk dəfə artıq bir ili sülh şəraitində yaşadığını bildirərək bunu region üçün mühüm dəyişiklik adlandırıb. İlham Əliyev mövcud regional şərait fonunda təhlükəsizliyin ölkənin gündəliyində prioritet olaraq qalacağını vurğulayıb. Görüşdə Azərbaycan və Britaniya şirkətlərinin qarşılıqlı investisiya marağı da qeyd olunub.
Dankan Norman Böyük Britaniya hökuməti tərəfindən mart ayında Azərbaycana səfir təyin edilib. O, Ferqus Auldu əvəz edib. Norman daha əvvəl Böyük Britaniyanın Albaniyadakı səfiri və müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.






