İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumdan sonra bir sıra dövlət və hökumət başçıları Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq Azərbaycana dəstək və həmrəylik ifadə ediblər.
MSNews.az martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını bildirib və qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Həmin gün Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da Prezident İlham Əliyevə zəng edib.
BƏƏ Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyərək, hadisə zamanı yaralananların tezliklə sağalmalarını arzulayıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı Azərbaycan tərəfindən göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü bildirib.
Prezident İlham Əliyev telefon zənginə görə BƏƏ dövlət başçısına minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı İranın BƏƏ-yə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları bir daha pisləyərək, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, martın 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Prezident İlham Əliyevə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı hücumlarını qınayıb və Azərbaycan xalqı ilə həmrəyliklərini ifadə ediblər.