II Liqa oyununda qalmaqal: “Xankəndi” “Barselona” forması ilə meydana çıxmaq istəyib

“Şəmkir” – “Xankəndi” oyunu komandaların formalarının oxşarlığı səbəbindən baş tutmayıb. “Xankəndi”nin “Barselona” forması ilə meydana çıxmaq istədiyi iddia olunur.

35

Azərbaycan II Liqasında “Şəmkir” – “Xankəndi” oyunu komandaların formalarının oxşar olması səbəbindən vaxtında baş tutmayıb. Hadisə ətrafında qalmaqallı iddialar səsləndirilib.

Azərbaycan II Liqasında keçirilməli olan “Şəmkir” – “Xankəndi” qarşılaşması komandaların formalarının oxşarlığı səbəbindən vaxtında baş tutmayıb.

“Shamkir Fans” səhifəsinin yaydığı məlumata görə, qarşılaşmanın başlaması üçün hakimlər tərəfindən verilən 45 dəqiqəlik gözləmə müddətində “Şəmkir” komandası meydanda qalıb. Lakin bu müddət başa çatdıqdan sonra oyun başlamadığı üçün komanda meydanı tərk edib.

İddialara görə, bundan sonra “Xankəndi” klubunun rəhbərliyi Şəmkir rayonunda “Barcelona” klubunun formasını əldə edərək həmin forma ilə oyuna çıxmaq istəyib.

Məlumatda bildirilir ki, daha sonra AFFA nümayəndəsi saat 16:15-də “Şəmkir” klubunun rəhbərliyinə zəng edərək oyunun saat 16:30-da keçirilməsinin planlaşdırıldığını bildirib.

“Şəmkir” tərəfi isə AFFA-nın əsasnaməsinə əsasən, hakim tərəfindən müəyyən edilmiş 45 dəqiqəlik gözləmə müddəti başa çatdıqdan sonra oyunun taleyi ilə bağlı qərarın qüvvədə qalmalı olduğunu vurğulayıb.

Bundan əlavə, klub rəhbərliyi stadionda projektorların nasaz olduğunu bildirərək qarşılaşmanın saat 16:30-da keçirilməsindən imtina edib.

Məlumata görə, “Xankəndi” klubunun forma məsələsinin həll edildiyini əsas gətirərək oyunun keçirilməsi üçün AFFA nümayəndəsinə və hakimlərə təzyiq göstərdiyi də iddia olunur.

Hadisə ilə bağlı yekun qərarın Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən veriləcəyi gözlənilir.