İddia: ABŞ və İsrail iranlı kürd qrupları ilə əməkdaşlıq imkanlarını müzakirə edir

Mediada yayılan məlumatlara görə, ABŞ və İsrail iranlı kürd silahlı qrupları ilə İran sərhədi boyunca mümkün əməliyyatlar barədə əlaqələr qurur.

42

Yaxın Şərqdə artan gərginlik fonunda İsrail və ABŞ-ın İran sərhədi yaxınlığında fəaliyyət göstərən kürd silahlı qrupları ilə əlaqələr qurduğu barədə iddialar gündəmə gəlib. Məlumata görə, mümkün plan İranın qərb sərhədlərində təzyiq yaratmağa yönəlib.

Mediada yayılan məlumatlara görə, İsrail tərəfi bir ildən artıqdır ki, İraq Kürdüstanında yerləşən bəzi iranlı kürd silahlı qrupları ilə danışıqlar aparır. İddialara əsasən, bu qruplar İran–İraq sərhədi boyunca yerləşən bəzi şəhərlərdə hərbi əməliyyatlara başlaya bilərlər.

Bildirilir ki, plan çərçivəsində kürd silahlı dəstələri İranın Qərbi Azərbaycan vilayətində yerləşən Piranşəhr və Üşnəviyyə kimi sərhəd şəhərlərini hədəf ala bilər. İsraildə hesab olunur ki, belə bir addım İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrini müxtəlif istiqamətlərə cəlb edərək Tehran hakimiyyətinin bəzi ərazilər üzərində nəzarətini zəiflədə bilər.

Mənbələrin məlumatına görə, fevral ayının sonunda beş kürd silahlı qruplaşması ittifaq yaratdıqlarını elan edib və nəzəri olaraq 5–8 min döyüşçü toplamaq imkanına malikdirlər. Bildirilir ki, artıq minlərlə döyüşçü İran–İraq sərhədi yaxınlığında toplaşır və mümkün əməliyyat üçün hazırlıq görür.

Eyni zamanda, iddia olunur ki, İsrail aviasiyasının İranın qərb bölgələrinə endirdiyi zərbələr də bu cür planlara taktiki dəstək məqsədi daşıya bilər. Məlumata görə, ABŞ və İsrail iranlı kürd qruplarından sərhəd bölgələri barədə kəşfiyyat məlumatları əldə edir və bunun qarşılığında silah tədarükü imkanlarını nəzərdən keçirir. Hazırda bu qrupların arsenalında əsasən yüngül silahların olduğu, lakin pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və artilleriya dəstəyinə ehtiyac duyduqları bildirilir.

Bununla yanaşı, İraq Kürdüstanının rəhbərliyi belə bir ssenariyə ehtiyatla yanaşır. Region hakimiyyəti münaqişəyə cəlb olunmaqdan çəkinir və müxtəlif tərəflərin təzyiqi ilə üzləşir.

Bir tərəfdən iranlı kürd qrupları, ABŞ və İsrail regionu əməliyyata dəstək verməyə çağırır. Digər tərəfdən isə İran xəbərdarlıq edir ki, əgər hücumlar İraq Kürdüstanı ərazisindən həyata keçirilərsə, həmin bölgəyə genişmiqyaslı hava zərbələri endirilə bilər.

Mənbələr bildirir ki, İraq Kürdüstanında effektiv hava hücumundan müdafiə sistemləri yoxdur və hətta İranın “Shahed” tipli pilotsuz uçuş aparatları belə region üçün ciddi təhlükə yarada bilər.

Bundan əlavə, İraq kürdləri ABŞ-nin uzunmüddətli strategiyasının nə olduğunu tam aydın görmədiklərini bildirirlər. Onlar Suriyada kürd qüvvələrinin əvvəlki illərdə ABŞ-nin əsas müttəfiqlərindən biri olmasına baxmayaraq sonradan Vaşinqtonun yeni siyasi kurs seçməsini xatırladırlar.

Bu səbəbdən İraq Kürdüstanı rəhbərliyi ehtiyatlı mövqe tutur, neytrallığı qorumağa çalışır və iranlı kürd silahlı qruplarının öz ərazisindən İran sərhədini keçməsinə hələlik icazə vermir.

Qeyd edək ki, bu məlumatların bir qismi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və tərəflər tərəfindən rəsmi açıqlama verilməyib.