Əsrlər boyu müxtəlif dinlərdə təsvir edilən cəhənnəm anlayışı təkcə mifoloji bir məkan deyil, həm də real coğrafi köklərə malik ola bilər. Tədqiqatçılar bildirirlər ki, bu anlayışın tarixi mənbələrindən biri Yerusəlim yaxınlığında yerləşən Ge Hinnom vadisidir. Qədim dini mətnlərdə adı çəkilən bu vadi zamanla günah və əzab simvoluna çevrilərək “cəhənnəm” obrazının formalaşmasında mühüm rol oynayıb.
Dini təlimlərin əksəriyyətində günahkarların ölümdən sonra göndəriləcəyi əzab məkanı təsvir edilir. Bu anlayış qədim mifologiyalarda və müqəddəs mətnlərdə müxtəlif adlarla qeyd olunur. Tenqriçilikdə “Tamaq”, Vedalarda “Naraka”, yəhudi ənənəsində “Şeol” və ya “Ge Hinnom”, xristianlıqda “Hell”, islamda isə “Cəhənnəm” kimi tanınan bu məkanların ortaq xüsusiyyəti əzab və alov motividir.
Tarixi və dini mənbələrdə xüsusi yer tutan anlayışlardan biri də Ge Hinnom vadisidir. Bu real coğrafi məkan hazırkı Yerusəlim (Qüds) şəhərinin cənub və cənub-qərb hissəsində yerləşir. Qədim ivrit dilində “Ge Ben Hinnom” – “Hinnom oğullarının vadisi” mənasını verir. “Ge” sözünün “vadi”, “Ben” sözünün isə “oğlu” anlamına gəldiyi bildirilir.
Əhdi-Ətiqdə və digər yəhudi mənbələrində bu ərazi müxtəlif formalarda xatırlanır. Talmudda “Gehinnam” və ya “Gehinnom” kimi qeyd edilən bu vadi zamanla günahkarların əzab məkanı ilə eyniləşdirilmişdir. Yəhudilərin Bibliyasında “uşaqlarınızın oddan keçdiyi yer” kimi də qeyd olunur. Markın Bibliyasında Gehenna “meyitləri qurd basan” yer kimi qələmə verilir. Qədim yəhudi yazılarına görə vaxtilə həmin ərazi romalılara tabe olmayanlara, məhkumlara, günahkarlara işkəncə verilən, onların diri-diri yandırıldığı yer kimi tanınıb.
Tarixçilərin bir qismi qeyd edir ki, İsrail krallığı dövründə bəzi bütpərəst qruplar burada Molek adlı məbuda qurban mərasimləri həyata keçiriblər. Daha sonra kral Yoşiya bu ayinləri qadağan etmiş və ərazi şəhərin tullantı sahəsinə çevrilmişdir. Zamanla bura zibil və cəsədlərin atıldığı yer kimi istifadə olunmuş, tullantıların yandırılması nəticəsində alov və tüstü ilə assosiasiya edilmişdir.
1900-cü illərin əvvəllərinə qədər bu vadi valideynlərin öz doğma övladlarını Molekə qurban etdikləri yer kimi tanınırdı.
Yeni Əhdi-Cədiddə İsa peyğəmbərin təbliğatı zamanı “Gehenna” anlayışından məcazi mənada istifadə etdiyi qeyd olunur. O, günahkarların aqibətini bu vadidə yandırılan tullantılarla müqayisə etmişdir. Sonrakı dövrlərdə bu ifadə daha geniş teoloji məna qazanaraq əbədi əzab anlayışı ilə əlaqələndirilmişdir.
Bəzi tədqiqatçılar islamdakı “cəhənnəm” sözünün etimoloji baxımdan Ge Hinnom anlayışı ilə əlaqəli ola biləcəyini irəli sürsələr də, bu məsələ ilə bağlı müxtəlif elmi yanaşmalar mövcuddur və mövzu tam konsensusla qəbul edilmiş fakt hesab olunmur.
Hazırda isə Ge Hinnom vadisi tamamilə fərqli mənzərə təqdim edir. Tarix boyu qorxu və əzabla assosiasiya edilən bu ərazi bu gün yaşıl ağaclarla əhatələnmiş, müasir yaşayış binalarının yaxınlığında yerləşən sakit bir məkana çevrilib.