“Fitch Ratings” Hörmüz boğazındakı faktiki bağlanmanın müvəqqəti olacağını və neft qiymətlərinə təsirinin məhdud qala biləcəyini qeyd edib.
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings İranla bağlı hücumların başlanmasından sonra neft qiymətlərində artımın əsas səbəbi kimi göstərilən Hörmüz boğazının faktiki bağlanmasının böyük ehtimalla müvəqqəti xarakter daşıyacağını açıqlayıb. Qurum boğazın qlobal enerji ticarəti üçün həyati əhəmiyyətini nəzərə alaraq, bu vəziyyətin uzunmüddətli olmayacağını və qlobal bazarda mövcud təklif artıqlığı fonunda qiymət artımının məhdud qalacağını bildirib.
Agentliyin açıqlamasında qeyd olunub ki, 28 fevralda İrana qarşı hücumların başlamasından sonra qiymət artımına səbəb olan əsas amil Hörmüz boğazında daşımaların dayanmasıdır. Bununla belə, boğazın rəsmi şəkildə bağlanmadığı, lakin təhlükəsizlik riskləri səbəbindən gəmilərin bölgədən keçməkdən çəkindiyi vurğulanıb. Böyük neft şirkətləri təhlükəsizlik səbəbilə daşımaları dayandırıb, sığorta şirkətləri isə müharibə riski sığortasını ləğv edib.
“Fitch” bildirib ki, münaqişədən əvvəl gündəlik təxminən 20 milyon barrel xam neft və neft məhsulu bu marşrutla daşınırdı ki, bu da qlobal dəniz yolu ilə neft ticarətinin təxminən dörddə birinə və dünya üzrə gündəlik neft istehlakının beşdə birinə bərabərdir. Daşınan həcmin təxminən yarısı Səudiyyə Ərəbistanı və BƏƏ-dən, qalan hissəsi isə İraq, Küveyt və İrandan ixrac olunurdu. Bu ixracın böyük qismi Çin və Hindistana yönəlir.
Açıqlamada qeyd olunub ki, uzunmüddətli bağlanma həm ixracatçı, həm də idxalçı ölkələr üçün ciddi nəticələr doğuracağına görə əsas ssenari hesab edilmir. Əgər boğaz uzun müddət bağlı qalarsa, 1980-ci illərdə İran-İraq müharibəsi dövründə olduğu kimi, tanker daşımalarının hərbi müşayiətlə təmin olunması variantı gündəmə gələ bilər.
“Fitch” 2026-cı il üçün “Brent” markalı neftin orta qiymətinin bir barrel üçün 63 dollar səviyyəsində qalacağını proqnozlaşdırır və əsas ssenaridə ciddi artım gözlənilmir. Qurum vurğulayıb ki, qlobal bazarda təklif artıqlığı mövcuddur və bu amil geosiyasi risk mükafatını məhdudlaşdırır.
Açıqlamada həmçinin qeyd olunub ki, İran gündəlik təxminən 3,5 milyon barrel neft hasil edir və bunun təxminən 2 milyon barrelini ixrac edir ki, bu da qlobal xam neft istehsalının cəmi 3,5 faizinə bərabərdir. Buna görə də mümkün təchizat pozuntularının bazardakı təklif artıqlığı ilə balanslaşdırıla biləcəyi bildirilib.
Bununla yanaşı, agentlik münaqişənin müddəti və miqyasının qeyri-müəyyən olaraq qaldığını qeyd edib və əlavə edib ki, əgər boğaz uzunmüddətli blokadaya məruz qalarsa və ya bölgənin neft-qaz infrastrukturuna ciddi ziyan dəyərsə, bu halda 2026-cı il üzrə baza proqnozunda daha ciddi qiymət artımı mümkün ola bilər.