FIFA 2026-cı il dünya çempionatında ilk dəfə olaraq üç ev sahibi ölkənin hər birində ayrıca açılış mərasimi təşkil edəcək. Mərasimlər Meksika, Kanada və ABŞ millilərinin turnirdəki ilk oyunlarından əvvəl keçiriləcək.
“Reuters”-in məlumatına görə, FIFA bu addımı mundialın Meksika, Kanada və ABŞ-da birgə təşkil olunması ilə əlaqələndirir.
Turnirin ilk oyunu iyunun 11-də Mexikodakı “Azteka” stadionunda Meksika və Cənubi Afrika yığmaları arasında keçiriləcək. Həmin matçdan əvvəl səhnəyə Meksikanın məşhur “Maná” qrupu çıxacaq. Proqramda həmçinin Alexandro Fernandes, Belinda və Meksika mədəniyyətini əks etdirən yerli folklor elementlərinin yer alacağı bildirilir.
Kanadanın ilk oyunu iyunun 12-də Torontoda Bosniya və Herseqovinaya qarşı olacaq. Bu qarşılaşmadan əvvəl keçiriləcək mərasimdə Maykl Babl, Alanis Morissette, Alessia Kara, Cesssi Reyes və digər kanadalı sənətçilər çıxış edəcəklər. FIFA mərasimin Kanadanın müxtəlifliyini və icma ruhunu əks etdirən “mozaika” konsepti üzərində qurulacağını açıqlayıb.
ABŞ-dakı ilk oyun isə həmin gün Los-Ancelesdə, “SoFi Stadium”-da ABŞ və Paraqvay yığmaları arasında keçiriləcək. Bu matçdan əvvəlki mərasimin əsas ulduzu Keti Perri olacaq. Proqramda “Future”, LISA, Tayla, Anitta, Rema və “DJ Sanjoy” da iştirak edəcək. Bütün mərasimlərin oyunlardan 90 dəqiqə əvvəl başlaması planlaşdırılır.
“The Athletic”-ə istinad edən “Sports Business Journal” yazır ki, FIFA həmçinin 4 iyulda ABŞ-ın 250 illiyi münasibətilə xüsusi mərasimlər planlaşdırır. Bu tədbirlər 1/8 final mərhələsinin Filadelfiya və Hyustonda keçiriləcək iki oyunu öncəsi baş tutacaq. Hələlik FIFA-nın Amerika tarixini bu mərasimlərdə hansı formada təqdim edəcəyi tam açıqlanmayıb.
2026-cı il mundialı tarixdə ən böyük dünya çempionatı olacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və oyunlar üç ölkədə keçiriləcək. Üç ayrı açılış mərasimi isə FIFA-nın bu mundialı təkcə idman yarışı yox, Şimali Amerikanı əhatə edən genişmiqyaslı mədəniyyət və əyləncə tədbiri kimi təqdim etmək istədiyini göstərir.