FIFA tərəfindən 2025-ci ilin ən yaxşılarının müəyyənləşdirildiyi qala gecəsi Qətərin paytaxtı Dohada keçirilib. “FIFA The Best” mükafatları bu il 10-cu dəfə sahiblərinə təqdim olunub. Tədbirdə FIFA prezidenti Canni İnfantino, FIFA İcraiyyə Komitəsinin üzvləri, dünyanın müxtəlif ölkələrindən milli assosiasiyaların nümayəndələri, futbolun regional və yerli elçiləri, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər.
Təntənəli mərasimdə kişi və qadın futbolu üzrə ilin ən yaxşı futbolçusu, qapıçısı, baş məşqçisi, ilin simvolik 11-ləri, ən yaxşı qol, azarkeş və “Fair Play” mükafatları sahiblərini tapıb. Kişi və qadın futbolunda ilin ən yaxşı qolu üzrə bəzi namizədlərin adlarının isə sonradan açıqlanacağı bildirilib. Dünyanın dörd bir yanından futbolsevərlər səsvermədə iştirak edərək, o cümlədən FIFA-nın ən yaxşı kişi və qadın 11-lərinin müəyyənləşdirilməsinə töhfə veriblər.
Səsvermənin nəticələrinə əsasən, Fransa “Ligue 1” təmsilçisi Paris Sen-Jermen klubunun üzvü Usman Dembele ilin ən yaxşı kişi futbolçusu seçilib. Fransız ulduz ötən mövsüm PSJ forması ilə UEFA Çempionlar Liqası, UEFA Superkuboku, Fransa çempionatı, Fransa Kuboku və Fransa Superkubokunda çempionluqlar qazanaraq diqqət mərkəzinə düşüb. Karyerasında ilk dəfə bu nüfuzlu mükafata layiq görülən 28 yaşlı futbolçu daha əvvəl “Qızıl top”u da qazanmışdı. Dembélé ötən mövsüm 53 oyunda 35 qol vuraraq komandasının uğurlarında həlledici rol oynayıb.
Qadın futbolunda ilin ən yaxşı futbolçusu mükafatı Barselona klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Aitana Bonmatiyə verilib. O, Barselona ilə UEFA Qadınlar Çempionlar Liqasında, İspaniya yığması ilə isə Avropa çempionatında finala yüksəlib və hər iki turnirdə ən dəyərli oyunçu seçilib. 27 yaşlı ispan futbolçu ardıcıl üçüncü dəfə “İlin ən yaxşı qadın futbolçusu” adına layiq görülüb.
Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi mükafatı Paris Sen-Jermeni tarixində ilk dəfə Çempionlar Liqası çempionluğuna aparan Luis Enrikeyə təqdim olunub. 55 yaşlı ispan mütəxəssisin rəhbərliyi altında PSJ Fransa çempionatı, Fransa Kuboku və Fransa Superkubokunu da qazanıb, FIFA Klublararası Dünya Kubokunda isə ikinci olub. Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi adına İngiltərə millisinin 2025-ci il Qadınlar Dünya Kubokundakı qələbəsində böyük pay sahibi olan Sarina Viqman layiq görülüb. 56 yaşlı hollandiyalı mütəxəssis bu mükafatı beşinci dəfə qazanıb.
İlin ən yaxşı kişi qapıçısı ötən mövsüm Paris Sen-Jermenlə dörd turnirdə kubok qazanan, hazırda isə “Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma seçilib. Qadın futbolunda ilin ən yaxşı qapıçısı mükafatı isə İngiltərə millisinin və “Çelsi”nin üzvü Hanna Hamptonun olub.
İlin ən yaxşı qoluna görə verilən FIFA Puşkaş Mükafatı Argentinanın “İndependiente” klubunun futbolçusu Santyaqo Montielə təqdim edilib. 25 yaşlı argentinalı oyunçu may ayında “İndependiente Rivadavia”ya qarşı oyunda vurduğu möhtəşəm qayçı zərbəsi ilə fərqlənmişdi. Qadın futbolunda ən yaxşı qol üçün ikinci dəfə təqdim edilən FIFA Marta Mükafatını isə Meksikanın “Tiqres” klubunda çıxış edən Lizbet Ovalle qazanıb. 26 yaşlı futbolçu mart ayında “Qvadalaxara”ya qarşı vurduğu estetik qolla mükafata layiq görülüb.
FIFA Fair Play Mükafatı 1995-ci ildən Almaniyanın “Yahn Regensburq” klubunda komanda həkimi kimi çalışan doktor Andreas Harlass-Noykinqə verilib. O, aprel ayında Bundesliqa 2-də keçirilən “Maqdeburq” – “Yahn Regensburq” oyunu öncəsi tribunada halı pisləşən azarkeşə vaxtında tibbi yardım göstərərək onun həyatını xilas edib. FIFA Azarkeş Mükafatı isə İraqın “Zaxo” klubunun tərəfdarlarına təqdim olunub. Azarkeşlər 13 may tarixində “Əl-Hudud”la oyundan əvvəl xəstə uşaqlara dəstək məqsədilə meydana minlərlə yumşaq oyuncaq ataraq futbol ictimaiyyətinin rəğbətini qazanıblar.
FIFA və Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FIFPro) tərəfindən müəyyənləşdirilən ilin simvolik 11-liyində də dünya futbolunun ulduz adları yer alıb. Kişilərdən ibarət simvolik komandaya qapıçı Canluici Donnarumma, müdafiədə Aşraf Hakimi, Uilyan Paço, Vircil van Deyk və Nunu Mendeş, yarımmüdafiədə Koul Palmer, Vitinya, Pedri və Cud Bellinqem, hücumda isə Usman Dembélé və Lamin Yamal daxil edilib. Qadınların simvolik 11-liyində qapıda Hanna Hampton, müdafiədə Lusi Bronz, Liya Uilyamson, İrene Paredes və Ona Batlle, yarımmüdafiədə Aitana Bonmati, Patrisiya Gixarros və Klaudia Pina, hücumda isə Aleksia Putelyas, Alessia Russo və Mariona Kaldentey yer alıb.