Türkiyənin “Konyaspor” klubu ilə Fələstin milli komandası arasında keçirilən yoldaşlıq görüşünün son saniyəsi simvolik olaraq oynanılmayıb. Hakimin final fitindən bir saniyə əvvəl – tablo 89:59-u göstərərkən qarşılaşma dayandırılıb və stadionda “Fələstin azad olana qədər matç təxirə salınıb” mesajı səsləndirilib.
MSNews.az xəbər verir ki, qarşılaşma sentyabrın 30-da Konya Böyükşəhər Bələdiyyə Stadionunda “Fələstin Günü” tədbirləri çərçivəsində keçirilib.
Matç 89:59-da dayandırılan zaman hesab 2:2 olub. “Konyaspor”un qollarını 2-ci dəqiqədə Melih İbrahimoğlu və 28-ci dəqiqədə Mostafa Mohamed vurub. Fələstin millisinin hər iki qoluna isə 12-ci və 25-ci dəqiqələrdə Mohamed Sandouqa imza atıb.
Lakin gecənin əsas məqamı hesab deyil, matçın necə başa çatması olub. Son saniyədə stadionda belə anons verilib:
“Fələstin azad olana qədər matç təxirə salınıb”.
Ardınca bildirilib ki, qarşılaşmanın 90 dəqiqəsinin tamamlanmaması Fələstində yarımçıq qalan həyatlara, arzulara və uşaqlıqlara diqqət çəkmək məqsədi daşıyır. Təşkilatçılar məhz buna görə oyunu 89 dəqiqə 59-cu saniyədə bitirdiklərini açıqlayıblar.
Matç ümumilikdə Fələstinlə həmrəylik aksiyaları ilə müşayiət olunub. Futbolçular meydana Qəzzadan olan uşaqlarla çıxıb, tribunalarda Türkiyə və Fələstin bayraqları dalğalandırılıb, müxtəlif xoreoqrafiyalar nümayiş etdirilib. Stadionda ağ göyərçinlər də havaya buraxılıb