Qadınlar tarix boyu öz zəka və güclərini sübut etsələr də, çox zaman kişi hegemoniyasının kölgəsində qalıblar. Lakin bəzi qadınlar elə iz qoyublar ki, əsrlər keçsə də adları silinmir. Onlardan biri də 859-cu ildə dünyanın ilk universitetini quraraq tarixə düşən Fatimə əl-Fəhridir.
Tunis mənşəli Fatimə əl-Fəhri varlı və savadlı tacir ailəsində dünyaya gəlib. Ailəsi ilə birlikdə Kayrevandan Mərakeşin Fəs şəhərinə köçüb. Fəsə gəldikdən sonra o, bir məscid və mədrəsənin tikintisinə vəsait ayırıb. Zamanla bu mədrəsə inkişaf edərək tarix, coğrafiya, astronomiya və tibb kimi sahələrdə təhsil verən ali məktəbə çevrilib.
859-cu ildə qurulan bu təhsil ocağı sonradan Karaviyyin Universiteti adını alıb. Universitetin adı Fatimə və ailəsinin köç etdiyi Kayrevan şəhərinin adından götürülüb. UNESCO və Ginnesin Rekordlar Kitabına görə Karaviyyin Universiteti dünyanın diplom və akademik dərəcə verən ilk ali təhsil müəssisəsidir.
Fatimə əl-Fəhri özü də bu universitetdə fəaliyyət göstərib. Müxtəlif ölkələrdən tələbələr Fəsə gələrək burada təhsil alıblar. Hətta sonradan Roma Papası olan II Silvester də bu universitetdə dərs deyənlər sırasında göstərilir.
Universitetin kitabxanası isə əsrlərdir fəaliyyətini davam etdirir. Burada 4 mindən çox nadir əlyazma və kitab qorunur. Onların arasında məşhur alim İbn Xəldunun “Müqəddimə” əsəri də yer alır.
Fatimə əl-Fəhri sübut etdi ki, bacarıqlı və güclü qadın olmağın milləti, dini və irqi yoxdur. O, təkcə bir bina yox, bütöv bir elmi irs inşa etdi.