Epşteyn əlaqəsinə görə norveçli keçmiş diplomat Rod-Larsen dindirildi

Ceffri Epşteyn ilə əlaqələri səbəbilə norveçli keçmiş diplomat Terje Rod-Larsen Osloda iqtisadi cinayətlər üzrə istintaq çərçivəsində sorğu-suala tutulub.

27

ABŞ-də yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan, 2019-cu ildə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə əlaqələri səbəbilə norveçli keçmiş diplomat Terje Rod-Larsen hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Norveçin dövlət televiziyası “NRK”-nin məlumatına görə, Rod-Larsen Norveçdə iqtisadi cinayətlərlə mübarizə aparan Okokrim qurumunun əməkdaşları tərəfindən paytaxt Oslo şəhərində sorğu-suala tutulub. Məlumata əsasən, ona qarşı korrupsiya və maraqların toqquşması ilə bağlı iddialar araşdırılır.

İş üzrə prokuror Marianne Bender, Rod-Larsenin istintaqla əməkdaşlıq etdiyini və ünvanlanan suallara cavab verdiyini bildirib. Prokuror qeyd edib ki, araşdırma geniş və mürəkkəb xarakter daşıdığından proses müəyyən vaxt tələb edəcək.

Rod-Larsenin vəkili Yon Kristian Elden isə müvəkkilinin bütün suallara ətraflı cavab verdiyini və özünü təqsirli bilmədiyini açıqlayıb. Vəkilin sözlərinə görə, Rod-Larsen Epşteyn ilə təmasları və mümkün maliyyə maraqları ilə bağlı detallı məlumat təqdim edib.

Məlumata görə, istintaq çərçivəsində Norveçin sabiq baş naziri Thorbjørn Jagland və Rod-Larsenin həyat yoldaşı, Norveçin keçmiş Əmman səfiri Mona Juul barəsində də araşdırma aparılır.

İddialara əsasən, Rod-Larsen rəhbərlik etdiyi Nyu-York mərkəzli “International Peace Institute” vasitəsilə Epşteynin ətrafında olan bəzi şəxslərin reputasiyasının qorunmasına yardım edib. Yayımlanan Epşteyn sənədlərində onun, Epşteyn ilə əlaqəli gənc rus qadınlar üçün ABŞ vizalarının alınması məqsədilə rəsmi tövsiyə məktubları yazdığı və həmin şəxsləri “fövqəladə bacarıqlara malik” kimi təqdim etdiyi də iddia olunur.