Mediada yayılan məlumatlara görə, Azərbaycanda elektron siqaretlərin (veyplərin) tam qadağan olunması ilə bağlı qanun layihəsi müzakirə edilir. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan oluna bilər.
Mövzu ilə bağlı MSNews.az-a açıqlama verən terapevt-hepatoloq Zaur Orucov bu məsələyə yalnız qadağa prizmasından deyil, ictimai sağlamlıq baxımından müqayisəli yanaşma təklif edir.
“Əsas problem nikotin yox, yanmadır”
Zaur Orucovun sözlərinə görə, qlobal miqyasda klassik – yəni yanma əsasında olan siqaretlərin sağlamlığa vurduğu zərər daha ağırdır:
“Dünya üzrə klassik siqaretlərin yaratdığı yük ildə təxminən 8 milyon ölümlə ölçülür. Burada əsas zərər nikotindən deyil, yanma zamanı əmələ gələn minlərlə toksik və kanserogen maddədən qaynaqlanır.”
Həkim bildirir ki, elektron siqaretlər yanma prosesi olmadan işlədiyi üçün istifadəçi daha az kanserogen maddəyə məruz qalır:
“Bu, o demək deyil ki, veyplər zərərsizdir. Xeyr, hər iki məhsul zərərlidir, lakin elmi məlumatlara əsasən, yanma ilə bağlı siqaretlərin riski dəfələrlə daha yüksəkdir.”
Passiv siqaret çəkmə riski
Müsahibədə passiv siqaret çəkmə məsələsinə də toxunulub. Zaur Orucov qeyd edir ki, passiv klassik siqaret tüstüsü hər il 1 milyondan çox insanın ölümünə səbəb olur:
“Elmi konsensus göstərir ki, passiv siqaret çəkmə passiv veyp aerozoluna nisbətən xeyli təhlükəlidir. Uşaqlarda aparılan tədqiqatlarda veyp aerozoluna məruz qalma zamanı nikotin və toksin biomarkerləri qat-qat aşağıdır.”
Qadağa əks nəticə verə bilərmi?
Zaur Orucovun fikrincə, yalnız elektron siqaretlərin qadağan olunması, klassik siqaretlərə toxunulmadığı halda, ictimai sağlamlıq baxımından əks nəticə verə bilər:
“Bir çox ölkələrin təcrübəsi göstərir ki, veyplərin qadağan edilməsi fonunda klassik siqaretlərin satışı artır. İnsanlar daha az zərərli alternativdən imtina edib, daha zərərli məhsula qayıdır.”
Həkim bildirir ki, yalnız veyp istifadə edən şəxslərin bir hissəsi bu halda klassik siqaret çəkməyə başlaya bilər, bu isə ümumi sağlamlıq göstəricilərini pisləşdirir.
Gənclərin qorunması arqumenti
Elektron siqaretlərə qarşı əsas arqumentlərdən biri gənclərin nikotin asılılığına cəlb olunmasıdır. Zaur Orucov bu arqumentin emosional səslənsə də, problemin kökündə nəzarət mexanizmlərinin zəifliyinin dayandığını deyir:
“Nikotin inkişafda olan beyin üçün istənilən formada zərərlidir. Amma məsələni yalnız qadağa ilə həll etmək düzgün deyil. Satış məntəqələrinə nəzarət, yaş məhdudiyyətlərinin real icrası daha effektiv ola bilər.”
Tibbi mövqenin xülasəsi
Həkim vurğulayır ki, veyplərin tərkibində olan qliserin və propilenqlikol qızdırılma zamanı müəyyən toksik maddələr yarada bilər, lakin bu proses yanma ilə müqayisə edilə bilməz:
“Siqaret tüstüsündə 7000-dən çox kimyəvi maddə, onlardan onlarla birbaşa sübut olunmuş kanserogendir. Bu, sübut olunmuş səbəb-nəticə əlaqəsidir. Veyplərlə bağlı isə uzunmüddətli risklər hələ öyrənilir və miqyas eyni deyil.”
Zaur Orucovun fikrincə, ən səmərəli yanaşma yanan tütün məhsullarının mərhələli şəkildə sıxışdırılması, eyni zamanda uşaqların və yeniyetmələrin hər cür nikotindən ciddi qorunmasıdır:
“Heç kim demir ki, veyplər təhlükəsizdir. Amma elmi faktlar göstərir ki, klassik siqaretlər daha təhlükəlidir. Sağlamlıq siyasəti emosiyalarla yox, sübutlarla qurulmalıdır.”