Azyaşlı uşaqların telefon, planşet və digər ekran cihazları qarşısında uzun müddət vaxt keçirməsi onların nitq, sosial və emosional inkişafına mənfi təsir göstərə bilər.
MSNews.az xəbər verir ki, mütəxəssislər uşağın həyatının ilk illərində canlı ünsiyyətin beyin inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını bildirirlər. Valideynin uşaqla danışması, ona kitab oxuması, birlikdə oyun oynaması və suallarına cavab verməsi körpənin emosiyaları tanımasına, intonasiyanı ayırd etməsinə, fikirlərini ifadə etməsinə və etibarlı münasibətlər qurmasına kömək edir.
Elmi araşdırmalar da erkən yaşda ekran vaxtının artması ilə nitq və sosial bacarıqlarda geriləmə arasında əlaqə olduğunu göstərir. 2023-cü ildə dərc olunan araşdırmada gündə 1 saatdan çox ekran qarşısında qalmağın və valideyn-uşaq qarşılıqlı əlaqəsinin az olmasının dil, koqnitiv və sosial-emosional bacarıqlarla mənfi əlaqəli olduğu bildirilib.
2022-ci ildə yayımlanan sistematik icmalda isə ekran qarşısında keçirilən vaxtın artması və ekrana baxmağa erkən yaşda başlanmasının uşaqların dil inkişafına mənfi təsir göstərə bildiyi qeyd edilib. Araşdırmada ekran məzmununun keyfiyyəti və valideynlə birlikdə baxmağın nəticələrə təsir etdiyi də vurğulanıb.
Mütəxəssislərə görə, uşaq boş vaxtının böyük hissəsini ekran qarşısında keçirəndə canlı ünsiyyət azalır. Bu isə onun valideynlərlə və ətrafdakı insanlarla qarşılıqlı əlaqəyə marağını zəiflədə, kömək istəmək, hisslərini ifadə etmək və digər insanların emosiyalarını anlamaq bacarıqlarını çətinləşdirə bilər.
Amerika Pediatriya Akademiyası da 0–5 yaş dövrünü beyin inkişafı, təhlükəsiz münasibətlər və sağlam vərdişlərin formalaşması baxımından kritik mərhələ kimi qiymətləndirir. Akademiyanın tövsiyələrində kiçik uşaqlar üçün ekran istifadəsinin məhdudlaşdırılması və valideynlə birgə, keyfiyyətli məzmun seçiminə üstünlük verilməsi vurğulanır.
Ümumdünya Səhiyyə Təşkilatı isə 5 yaşdan kiçik uşaqların daha az oturaq həyat tərzi keçirməli, daha çox fiziki aktivlik və canlı oyunla məşğul olmalı olduğunu bildirir. Təşkilat 1 yaşadək uşaqlar üçün ekran vaxtının tövsiyə edilmədiyini, 2–4 yaşlı uşaqlarda isə oturaq ekran vaxtının gündə 1 saatdan çox olmamasının daha yaxşı olduğunu qeyd edir.
Mütəxəssislər valideynlərə ekranı tamamilə qadağan etməkdən çox, uşağın yaşına uyğun balans yaratmağı, cihazdan “sakitləşdirici vasitə” kimi daimi istifadə etməməyi və ekran vaxtını canlı ünsiyyət, kitab oxuma, fiziki oyun və ailəvi fəaliyyətlərlə əvəz etməyi tövsiyə edirlər.