Ədəbiyyatın gələcəyi təhlükədədir? – Yazıçı Etimad Başkeçiddən AÇIQLAMA

Süni intellektin ədəbiyyat və yaradıcılıq sahəsində rolu, insan istedadı ilə fərqlilikləri və emosional dəstək imkanları müzakirə edilir. Yazıçı Etimad Başkeçid süni intellektin ədəbiyyatın gələcəyinə təhlükə yaratmadığını, yalnız texniki vasitə olduğunu vurğulayır.

73

Ədəbiyyat və texnologiya arasında münasibətlər son illər yeni bir mərhələyə qədəm qoyub. Süni intellekt alətləri, xüsusilə ChatGPT kimi modellər artıq təkcə texnoloji yenilik deyil, eyni zamanda yazıçı və şairlərin də maraq dairəsində olan mövzuya çevrilib. Bir qisim yaradıcı insanlar bu texnologiyaları yaradıcılıq prosesini asanlaşdıran və zənginləşdirən vasitə kimi qəbul edir, digərləri isə süni intellektin ədəbiyyatın ruhuna və gələcəyinə təhlükə yarada biləcəyini düşünür. Paralel olaraq, süni intellektlə ünsiyyət təkcə informasiya əldə etmək məqsədi daşımır, bir çox hallarda emosional və psixoloji dəstək axtarışına da çevrilir.

Msnews-a açıqlamasında tanınmış yazıçı və tərcüməçi Etimad Başkeçid süni intellektin ədəbiyyat üçün təhlükə olmadığını bildirib. Onun fikrincə, bu texnologiyalar ədəbiyyatın gələcəyini təhdid etmir, əksinə, əsl sənətkarla sıradan yazanı ayırd etməyə kömək edir.

“Bilmək lazımdır ki, süni intellektin istedadı yoxdur. Ümumiyyətlə, əsəri yaradan intellekt deyil, ağıldır, dərrakədir, istedad, intuisiya, empatiya, təcrübə və üslubdur. Bu keyfiyyətlərin heç biri süni intellektdə mövcud deyil”, – deyə yazıçı vurğulayıb.

Onun sözlərinə görə, süni intellektdən texniki vasitə kimi istifadə etmək mümkündür, lakin yaradıcılığın əsas yükü yenə də insan beyninin üzərinə düşür:

“Əgər insan zamanla düşünmək qabiliyyətini itirib süni mexanizmə çevrilmək istəmirsə, mütləq beynini işlətməlidir.”

E.Başkeçid insanların süni intellektlə emosional və psixoloji dəstək məqsədilə ünsiyyət qurmasına da toxunub. O hesab edir ki, bu məsələyə birmənalı yanaşmaq düzgün olmaz:

“Ən azından ona görə ki, süni intellekt televiziya ekranlarında və real həyatda rast gəldiyimiz psixoloqların əksəriyyətindən daha “ağıllı” təsir bağışlayır. Digər tərəfdən, bu, etik və zövq məsələsidir. Bəzi insanlar primitiv musiqidən və zəif şeirlərdən zövq aldığı kimi, səthi yanaşmalarla da rahatlıq tapa bilirlər. Daha mürəkkəb “beyin quruluşu”na malik insanlar üçünsə, bu yetərli deyil.”

Beləliklə, müzakirələr göstərir ki, süni intellekt nə ədəbiyyatın sonu, nə də insan düşüncəsinin əvəzedicisidir. O, daha çox imkanlar yaradan, lakin yaradıcılığın məsuliyyətini insanın üzərindən götürməyən bir vasitə kimi qiymətləndirilir.