Dünyanın ən maraqlı və nadir pul küpürləri — Rekordlar, dizaynlar və tarixi faktlar

Dünyanın ən böyük, ən kiçik, ən qiymətli və ən qeyri-adi pul küpürləri haqqında maraqlı faktlar. Malayziyanın 600 rinqqitlik əskinasından Polineziyanın sənət əsəri sayılan banknotlarına qədər nadir nümunələrin tarixçəsi və özünəməxsusluğu.

89

Ölçüsünə görə ən böyük pul küpürü – 600 Malayziya rinqqiti

Dünyanın ən böyük küpürü olmaq uğrunda mübarizə Asiyadan başlayıb. 1998-ci ildən başlayaraq, 19 il ərzində bu adı 100 min Filippin pesosu (22*33 sm) qazanmışdı. Lakin 2017-ci ilin dekabrında Malayziya hökuməti müstəqilliyin yubileyi münasibətilə 600 rinqqit buraxdı ki, bunun ölçüləri 22*37 sm təşkil edir. 600 rinqqitin Azərbaycan manatına qarşılığı təxminən 270-280 manatdır.

Üçqat banknot


Tailand kralı IX Ramanın 80 illik yubileyi şərəfinə 16 Tailand batı dəyərində üçqat banknot buraxılıb. Bu xatirə banknotu 2007-ci ildən tədavüldədir. Banknot 3 ayrı banknotun – 1, 5 və 10 batlıq banknotların birləşməsindən ibarətdir. Ölçüsü 14.7 sm * 22.8 sm-dir. Yeri gəlmişkən, 1987-ci ildə Tailandda kvadrat şəkilli 60 batlıq  küpürlər buraxılmışdı ki, bunun da ölçüləri 16 sm * 16 sm olmuşdur.

Ən kiçik banknot – 50 Mərakeş santimi

Bu rekorda 1944-cü ildə Mərakeş hökuməti imza atıb. Belə ki, poçt markaları formasında buraxılan 50 santimin ölçüləri 42 mm * 31 mm təşkil edir. Buna qədər isə ən kiçik küpür 1913-cü ildə buraxılmış 10 rumın banı idi.

Ən qiymətli banknot – 10 min Bruney dolları

“Kim ən qiymətli küpür buraxacaq?” yarışması illərdir iki dost-rəqib dövlətlər Bruney və Sinqapur arasında gedir. Onlar bir-biriylə fəal şəkildə ticarət edir, hərbçilərin hazırlığını birlikdə həyata keçirir, hətta hər ikisinin, demək olar ki, ümumi valyutası var. 1967-ci ildə onlar valyutalarının daimi kursunun saxlanması haqda saziş imzaladılar: 1 Bruney dolları 1 Sinqapur dollarına bərabərdir. Bu qayda o vaxtdan davam edir, lakin “ən qiymətli küpür hansıdır” sualı bu “intriqanı” kəskinləşdirir. Hər iki dövlətin 10 min dollarlıq küpürü var, ancaq beynəlxalq bazarda Bruney dolları daha çox qiymətləndirilir.

İBNS-ın versiyasına görə ən gözəl banknot – 10 İsveçrə frankı


Hər il Beynəlxalq Banknot Cəmiyyəti (International Bank Note Society, IBNS) dizayn nöqteyi-nəzərdən ən maraqlı küpürlərin seçimini edir. 2018-ci ilin aprelində IBNS-in ekspertləri 2017-ci ilin ən yaxşı küpürünü elan edib.  Qalib vertikal şəkildə dizayn edilmiş 10 İsveçrə frankı oldu. Pulun bir üzündə dirijor çubuğu tutan əl və saat qurşağı, o biri üzündə isə İsveçrə saatlarının mexanizmi və Alp vasitəsilə İsveçrədən İtaliyaya uzanan dəmir yolu tunelinin şəkli təsvir olunmuşdur.

Dəniz ötəsi gözəllik

1985-2010-cu illər dizaynı ilə 10 min Polineziya frankı

Fransız Polineziyasının 10 min frankına baxarkən burada əsl sənət əsərini görmək mümkündür: ornamentlər, heyvanlar və gözəl qadın profili. Təəccüblü deyil ki, bir çox turistlər və səyahətçilər bu küpürü əldə edib öz kolleksiyalarına əlavə etməyi sevirlər. Bu günkü 10 min Polineziya frankı əvvəlki kimi gözəl və zərif olmasa da,  parlaq və xoşagələndir.

10 000 Polineziya frankı 2014-cü ilin dizaynı ilə

İBNS müsabiqəsinin ilk qalibi – 20 Kanada dolları

İBNS müsabiqəsinin ilk qalibi 2004-cü ildə Kanada dolları olub.  Küpürün bir üzündə II Yelizaveta, əks üzündə  isə Şimali Amerikanın qərb sahillərində yaşayan hindli tayfalarından olan haydalar təsvir olunub.

Milli qəhrəmanlar

Pul küpürləri üzərində dövlət başçılarının, tanınmış tarixi şəxsiyyətlərin, heyvanların təsvirlərinin verilməsi praktikada geniş yayılıb. Bu baxımdan üç küpürü təqdim edirik.

Əfsanəvi səyahətçi

5 Yeni Zelandiya dolları

Yeni Zelandiyanın 5 dollarlıq əskinasının üzərindəki əsas “qəhrəman” tədqiqatçı və alpinist ser Edmund Persival Hillaridir.

Görüntü əsrarəngizdir: səyyah uzaqlara baxır, külək saçlarını sanki dağıdır və sifəti günəşdən qızarıb. Hillari Everestə ilk çıxanlardan biridir. Bu vaxt onun sadəcə 33 yaşı vardı, 5 il sonra Antarktidaya gedir, Qanqa çayını keçir. O, bundan başqa bir çox mühüm ekspedisiyalar həyata keçirir.

Görkəmli oyunçunun xatirəsinə

Corc Bestin xatirəsinə həsr olunmuş 5 Şimali İrlandiya funtu. 2006-cı ildə Olster bankı dünya futbolunun unudulmaz simalarından biri olan Corc Bestin xatirəsinə həsr olunmuş məhdud sayda 5 funt buraxıb.

İnsanlarla birlikdə heyvanlar


1992-ci ildə buraxılan 100 Belarus rublu

Adətən banknotların üzərində tarixi şəxsiyyətlərin, peyzajların, memarlıq abidələrinin təsvirləri olur. Lakin Belarus küpürlərində heyvan – dələ, dovşan, qunduz, canavar, yazı pişiyi, ayı və respublikanın əsas simvollarından olan zubr təsviri verilir.

İlk polimer küpür – 10 Avstraliya dolları

Plastik küpürlərə keçid son zamanların əsas tendensiyalarından birinə çevrilib. Rumıniya, Kanada, Yeni Zelandiya və daha yeddi dövlət kağız pullardan imtina edib. Ancaq ilk belə küpür 25 il əvvəl Avstraliyada buraxılıb. Pulun bir üzündə şair Endryu Patterson, o biri üzündə isə şairə Meri Hilmor təsvir olunub. Onlar avstraliyalılar tərəfindən çox sevilsə də ölkədən kənarda çox az tanınırlar.

Ən böyük nominallı küpür – 100 milyard Zimbabve dolları

Ən çox sıfırlı küpür ölkənin 2008-ci ildə üzləşdiyi infilyasiyanın nəticəsidir. Bu pula hazırda bir banka pivə düşür.

“Axıradək çəkilməmiş” küpür – 5000 Braziliya kruzadosu

Gözəl banknot hazırlamaq üçün heç də onu sonadək çəkmək, təsvirlər əlavə etmək, “bəzəmək” lazım deyil. Bunu 1988-ci ildə Braziliya Mərkəzi Bankı sübut edib. 5 min kruzadonun üzərində 2 hindu qadının silueti təsvir edilib. Tamamlanmamış rəsmin yanında isə Braziliyanın ən tanınmış rəssamı Kandida Pontinarinin rəsmi həkk olunub.

Küpür üzərində ölüm rəqsi – 1000 İsveçrə frankı (1954-1974-cü illər)

İsveçrə dünyaya bir çox maraqlı küpürlər bəxş edib, lakin 1954-cü ildə basılan küpür xüsusilik təşkil edir. Onun yaradıcıları küpürün üzərində Avropada geniş yayılmış dini və mifik süjetləri əks etdiriblər. Pulun üzərində makabr – ölüm rəqsi əks olunub ki, bu da insan həyatının sonunun qaçılmaz olduğunu simvolizə edir.

500 frankın üzərində isə daha optimist əhval-ruhiyyəli təsvir əks olunub. Burada əbədi gənclik fəvvarəsi təsvir olunub ki, bunun da yanından keçən qocalar dərhal cavanlaşır. 100 frankın üzərində isə cənagvər qiyafəsində müqəddəs Martin təsvir edilib. O, Roma tribunun oğlu idi. Atası onun monax olmasını istəsə də, əksinə o, hərbçi olmağı üstün tutmuşdu.

Polineziya mifləri küpürlərdə – 20 Kuk adaları dolları

Polineziya küpürləri təkcə pul vahidi deyil, eyni zamanda, mədəni irsin yaddaşlarda qalması üçün vasitədir. 1987-ci ildə buraxılmış  bu küpürün üzərində əlində kokos tutmuş, akulanın üzərində çılpaq qız təsvir olunub. Bu qəhrəmanın adı İnadır.