DTX-dən İŞİD-ə qarşı əməliyyat: İki azərbaycanlı saxlanılaraq ölkəyə gətirildi

Dövlət Təhlükəsizliyi Xidməti xaricdə İŞİD-in Xorasan qruplaşmasına qoşulmaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

75

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xaricdə fəaliyyət göstərən “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD-Xorasan) terror təşkilatına qoşulmaqda təqsirləndirilən iki Azərbaycan vətəndaşının saxlanılaraq ölkəyə gətirildiyini açıqlayıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MSNews.az xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb. “APA” və “Report” agentlikləri də əməliyyatın təfərrüatlarını dərc ediblər.

DTX-nin məlumatına əsasən, Yunus Mehman oğlu Abdurahmanov 2025-ci il noyabrın 15-də xarici ölkəyə gedərək İŞİD-in Xorasan qruplaşmasına qoşulub.

İstintaq materiallarına görə, o, dağlıq ərazidə yerləşən mağara tipli gizli düşərgədə saxlanılıb, odlu silah və döyüş sursatları ilə təmin edilib. Abdurahmanovun terror və təxribat aktlarının törədilməsinə hazırlıq məqsədilə hərbi təlimlərdə iştirak etdiyi bildirilir.

Bundan başqa, Abdulla Yaşar oğlu Həsənbəyovun da xarici ölkəyə gedərək hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırdığı müəyyən edilib. DTX-nin açıqlamasına görə, o, Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında xarici dövlətin təhlükəsizlik orqanları ilə birgə keçirilən əməliyyat zamanı gizli marşrutla hərəkət edərkən saxlanılıb.

Yunus Abdurahmanov Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Şəxslərin təqsirliliyi barədə yekun qərar məhkəmə araşdırmasının nəticəsindən asılı olacaq.