Donald Tramp: İranla bağlı bir neçə variant var

Donald Tramp İranın razılaşmalardan geri çəkildiyini bildirib və ABŞ-nin bir neçə variantı nəzərdən keçirdiyini açıqlayıb. O, “Operation Midnight Hammer” zərbəsinin İranın nüvə proqramını dayandırdığını iddia edib.

42

ABŞ prezidenti Donald Tramp İranla bağlı qərar vermək üçün bir neçə variantın nəzərdən keçirildiyini açıqlayıb. O, “Channel 12″-yə müsahibəsində bildirib ki, İran dəfələrlə razılaşmaya yaxınlaşsa da, son anda geri çəkilib və bu, Tehranın real razılaşma niyyətində olmadığı qənaətini yaradıb.

Tramp komandasına son 25 ildə İranın həyata keçirdiyi hücumların siyahısını hazırlamağı tapşırdığını deyib. Onun sözlərinə görə, nəticələr göstərib ki, İran “demək olar hər ay partlayış və ya hücumla” əlaqəli olub.

ABŞ prezidenti iddia edib ki, iyunda həyata keçirilən və “Operation Midnight Hammer” (“Gecəyarısı çəkici”) adlandırılan zərbə olmasaydı, İran artıq nüvə silahına sahib ola bilərdi.

Tramp İsrailin baş naziri Benjamin Netanyahu ilə “yaxşı söhbət” etdiyini və “eyni dalğada olduqlarını” vurğulayıb. O əlavə edib ki, çıxış yolları ya hərbi kampaniyanı davam etdirərək vəziyyəti tam nəzarətə almaq, ya da bir neçə gün ərzində əməliyyatı dayandıraraq İrana bərpa işlərinə başlamamaq barədə xəbərdarlıq etməkdir. Prezidentin sözlərinə görə, mümkün bərpa prosesi Tehran üçün illərlə davam edə bilər.