Çində “Etnik birliyin və tərəqqinin təşviqi haqqında qanun” qüvvəyə minib.
MSNews.az xəbər verir ki, qanun mart ayında Çin parlamenti tərəfindən qəbul edilib və iyulun 1-dən tətbiq olunmağa başlayıb. “Reuters” agentliyinin məlumatına görə, Pekin sənədi ölkədəki 55 etnik azlıq arasında “ortaq milli kimliyin” formalaşdırılması və milli birliyin gücləndirilməsi kimi təqdim edir.
Qanunda standart Çin dilinin — putunhuanın təhsil və rəsmi sahələrdə prioritet istifadəsi xüsusi vurğulanır. “Reuters” yazır ki, qanun azlıq dillərinin və mədəniyyətlərinin qorunmasını nəzərdə tutduğunu bildirsə də, tənqidçilər sənədin tibetlilər, uyğurlar, monqollar və digər qeyri-xan xalqlar üzərində assimilyasiya təzyiqini artıracağını hesab edirlər.
“Amnesty International” qanunun “etnik birliyi sarsıtmaq” və ya “etnik parçalanma yaratmaq” kimi geniş və qeyri-müəyyən anlayışlardan istifadə etdiyini bildirir. Təşkilata görə, bu cür ifadələr qanunun özbaşına tətbiqi və azlıq icmalarının ifadə, din, mədəniyyət və dil hüquqlarının məhdudlaşdırılması riskini artırır.
Sənədin təsir dairəsi yalnız Çin sərhədləri ilə məhdudlaşmır. “Reuters”-in məlumatına görə, Çin rəsmiləri xaricdə yaşayan və qanunu pozmaqda ittiham olunan şəxslərə qarşı tədbir görmək hüququna malik olduqlarını bildiriblər. ABŞ və Avropa İttifaqı isə qanunun transsərhəd təqib üçün istifadə oluna biləcəyindən narahatlıq ifadə edib.
BMT ekspertləri də qanunla bağlı ciddi narahatlıq bildiriblər. “International Service for Human Rights” yazır ki, ekspertlər sənədin tibetlilər, uyğurlar, monqollar və digər xalqların hüquqlarına təsir göstərə, həmçinin məcburi assimilyasiya və transsərhəd repressiya risklərini artıra biləcəyini qeyd ediblər.
Avropa Parlamenti isə Pekini yeni qanunu ləğv etməyə çağırıb. Parlamentin açıqlamasında sənədin assimilyasiya siyasətlərini təşviq etdiyi, mədəni, dini və dil azadlıqlarını məhdudlaşdırdığı, həmçinin Çinin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyi bildirilib. Avropa deputatları üzv ölkələri Çinlə ekstradisiya sazişlərini dayandırmağa və məsul şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Pekin isə bu tənqidləri rədd edir və qanunun milli birliyi möhkəmləndirməyə, etnik qruplar arasında inteqrasiyanı artırmağa və separatçılığın qarşısını almağa yönəldiyini bildirir.