Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Ardınca Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen çıxış edib.
Tədbirdə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti iştirak edib. Sessiyalar nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr üçün nəzərdə tutulub.
Toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam edib. Həmçinin Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası təşkil olunub.
İclasların sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarının yekunlarına dair mətbuat konfransı keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir.






