Çeçenistan müftisi Salah Mejiyevin respublika rəhbəri Ramzan Kadırov üçün dua etməyi müsəlmanların borcu adlandırması islamşünasların etirazına səbəb olub. Ekspertlər dövlət rəhbərləri üçün dua etməyin İslam ənənəsində mövcud olduğunu, lakin bunun möminlər üçün məcburi dini vəzifə sayılmadığını bildiriblər.
MSNews.az xəbər verir ki, “Kavkazskiy Uzel” nəşrinin məlumatına görə, Mejiyev Kadırovun növbəti müddətə vəzifəsinin icrasına başlaması münasibətilə keçirilən mərasimdə onun hakimiyyətdə qalmasını Uca Allahın lütfü kimi qiymətləndirib.
Müfti fikrini əsaslandırarkən məşhur İslam alimi imam Əhməd ibn Hənbələ aid edilən kəlama istinad edib.
“Əgər mənim yalnız bir duam olsaydı, onu hökmdar üçün edərdim”, – deyə Mejiyev həmin ifadəni xatırladıb.
O, çeçenlərin Allahın onlara bəxş etdiklərinə şükür etməli olduqlarını vurğulayaraq Kadırov üçün dua etməyə çağırıb.
Lakin nəşrin müraciət etdiyi islamşünaslar müftinin bu mövqeyi ilə razılaşmayıblar. Onların sözlərinə görə, müsəlman cəmiyyətlərində hökmdarların rifahı və ölkədə sabitlik üçün dua etmək ənənəsi mövcuddur. Bununla belə, konkret siyasi rəhbər üçün dua etmək hər bir müsəlmanın yerinə yetirməli olduğu dini öhdəlik deyil.
Müftinin açıqlaması Çeçenistanda keçirilmiş rəhbər seçkilərindən sonra səsləndirilib.
“Reuters” agentliyinin məlumatına görə, Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr əsasında Ramzan Kadırov sentyabr seçkilərində səslərin 99,85 faizini toplayaraq beşinci müddətə Çeçenistan rəhbəri seçilib.
Oktyabrın 5-də Qroznıda Kadırovun vəzifəyə başlama mərasimi keçirilib. Salah Mejiyevin mübahisə doğuran açıqlaması da həmin mərasimlə əlaqədar verilib.
Qeyd edək ki, Çeçenistan rəhbərliyinin seçki nəticələri və siyasi idarəçilik sistemi daha əvvəl beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidlərinə səbəb olub. Kadırov administrasiyası isə insan hüquqlarının pozulması ilə bağlı ittihamları rədd edir.