İngiltərənin paytaxtı Londonda yerləşən “British Museum” antik Orta Şərqə həsr olunmuş bəzi sərgilərində yer alan xəritə və məlumat panellərindən “Fələstin” ifadəsini çıxarıb. Məlumatı “The Telegraph” qəzeti yayıb.
Qəzetin yazdığına görə, qərar muzeyə daxil olan şikayətlərdən sonra qəbul edilib. Şikayətlərdə bildirilib ki, “Fələstin” termininin tarixi olaraq daha sonrakı dövrlərə aid olmasına baxmayaraq, qədim Misir və Finikiyalılara dair ekspozisiyalarda Şərqi Aralıq dənizinin şərq sahilləri üçün istifadə olunması anaxronik və yanıldıcı təsir bağışlayır.
Muzey rəhbərliyi terminə tarixi-coğrafi baxımdan həmin dövrlər üçün uyğun sayılmadığını əsas gətirərək, bəzi Misir sərgilərində “Fələstin” sözünün çıxarılması barədə qərar verib. Digər panellərdə də ifadənin anaxronik formada işlədilməməsi üçün dəyişikliklərin planlaşdırıldığı bildirilir.
Dəyişikliklərin ziyarətçi araşdırmalarından sonra və Böyük Britaniyada fəaliyyət göstərən İsrail yönlü “UK Lawyers for Israel” (UKLFI) təşkilatının qaldırdığı narahatlıqlardan sonra edildiyi qeyd olunur. Qrup muzeyin direktoru Nikolas Kallinana ünvanladığı məktubda “Fələstin” adının minilliklər boyu bütün region üçün geriyə dönük şəkildə işlədilməsinin tarixi dəyişiklikləri kölgədə qoyduğunu və yanlış davamlılıq təsəvvürü yaratdığını iddia edib.
Bununla yanaşı, e.ə. 1700–1500-cü illəri əhatə edən bir Misir sərgisində Nil deltası mənşəli Hiksosların “Fələstin mənşəli” kimi təqdim olunmasına da etiraz edildiyi və bu ifadənin sonradan “Kənan mənşəli” kimi dəyişdirildiyi bildirilir.
Muzey sözçüsü açıqlamasında qədim mədəni bölgələri göstərən xəritələrdə Cənubi Levanta üçün “Kənan” termininin daha uyğun hesab edildiyini, müasir sərhədləri əks etdirən xəritələrdə isə BMT terminologiyasından istifadə olunduğunu və uyğun hallarda “fələstinli” sözünün mədəni və ya etnoqrafik təsvir kimi yer aldığını vurğulayıb.