Britaniyada “Maşa və Ayı” mübahisəsi

Böyük Britaniyada 50-dən çox deputat Rusiyanın “Maşa və Ayı” cizgi serialının ölkədə yayımlanmasının dayandırılması imkanlarının araşdırılmasını istəyib. Deputatlar serialda sovet hərbi simvollarının normallaşdırıldığını iddia edirlər.

12

Böyük Britaniyada bir qrup deputat Rusiyanın məşhur “Maşa və Ayı” cizgi serialının yayımı ilə bağlı hökumətə müraciət edib.

MSNews.az xəbər verir ki, “The Guardian”-ın məlumatına görə, müxtəlif partiyaları təmsil edən 50-dən çox britaniyalı deputat mədəniyyət naziri Liza Nendiyə məktub ünvanlayaraq serialın Böyük Britaniyada yayımlanmasının dayandırılması imkanlarının araşdırılmasını istəyib. Məktub müəllifləri “Maşa və Ayı”nın Rusiya “yumşaq gücü”nün aləti ola biləcəyini iddia edirlər.

Deputatlar xüsusilə, Maşanın bəzi epizodlarda sovet dövrünə aid hərbi forma və tankçı dəbilqəsinə bənzər baş geyimində görünməsini tənqid ediblər. “Meduza” “BBC Russia”-ya istinadən yazır ki, məktubda digər epizodda Maşanın NKVD əməkdaşlarının baş geyimlərini xatırladan papaqda təsvir edildiyi qeyd olunub. Deputatların fikrincə, bu cür görüntülər “kiçik uşaqlardan ibarət qlobal auditoriya üçün sovet hərbi ikonoqrafiyasını normallaşdırır”.

Müraciətdə “Netflix”in serialın daha iki yeni mövsümünü satın alması və əvvəlki mövsümlər, həmçinin spin-off layihələr üzrə yayım hüquqlarını 100-dən çox ölkədə uzatması da narahatlıq doğuran məqam kimi göstərilib. “Deadline”-ın məlumatına görə, yeni razılaşma “Maşa və Ayı”nın 8-ci və 9-cu mövsümlərini, eləcə də əvvəlki mövsümlər və spin-offları əhatə edir.

Britaniya deputatları bildirirlər ki, serial “Netflix”lə yanaşı, Böyük Britaniyada ITV-nin rəqəmsal platforması olan ITVX-də də yayımlanır. Onların fikrincə, uşaqlar üçün nəzərdə tutulan kontentin lisenziyalı platformalarda yayımlanmazdan əvvəl daha ciddi yoxlanılması vacibdir. “The Guardian” yazır ki, Böyük Britaniya Mədəniyyət, Media və İdman Nazirliyi məsələ ilə bağlı şərh verməyib, hökumət mənbələri isə yayımlanan məzmunun Ofcom qaydalarına uyğun olmasının əsas şərt olduğunu bildiriblər.

Serialın istehsalçısı olan “Animaccord” isə ittihamları rədd edir. Şirkətin nümayəndəsi “The Guardian”-a açıqlamasında “Maşa və Ayı”nın təbliğatla əlaqələndirilməsini “əsassız” adlandırıb və serialın təxminən 20 ildir 100-dən çox ölkədə ailələrə dostluq, xeyirxahlıq və təsəvvür mövzuları üzərindən təqdim edildiyini bildirib. Şirkət həmçinin dövlət maliyyəsi almadığını və serialda siyasi mesaj olmadığını vurğulayıb.

Qeyd edək ki, “Maşa və Ayı” daha əvvəl Ukrayna və Baltikyanı ölkələrdə də mübahisə doğurub. Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna serialı Kremlin “yumşaq gücü”nün bir hissəsi kimi qiymətləndirib. Rusiya dövlət mediası isə bu iddiaları ələ salıb və cizgi filminin təbliğat xarakterli olması fikrini rədd edib.