Britaniya ordusunda kişilərə makiyaj icazəsi müzakirə olunur

Britaniya ordusunda kişi hərbçilərə makiyaj və uzun saç istifadəsinə icazə verilməsi ilə bağlı sorğu sənədi ölkədə geniş müzakirələrə səbəb olub.

77

Britaniya ordusu daxilində hərbçilərin xarici görünüş qaydalarına dair hazırlanan yeni məsləhətləşmə sənədi ölkədə mübahisələrə səbəb olub.

Məlumata görə, Andover şəhərində yerləşən ordu qərargahından hərbi bölmələrə göndərilən sorğu sənədində kişi hərbçilərin də qadınlar kimi kosmetik vasitələrdən istifadə etməsinə və saçlarını uzatmasına icazə verilməsi variantı müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan qaydalara əsasən, qadın hərbçilərə müəyyən məhdudiyyətlər çərçivəsində makiyaj və dırnaq boyasından istifadə etməyə icazə verilir. Yeni təklif isə kişi hərbçilər üçün kosmetika istifadəsinə qoyulan sərt qadağaların yumşaldılmasını nəzərdə tutur.

Britaniya mediasının yazdığına görə, dəyişikliklər qəbul edilərsə, kişi hərbçilər də qadınlarla eyni qaydalar çərçivəsində uzun saç modelləri, saç əlavələri, dırnaq boyası, sırğa və müxtəlif kosmetik vasitələrdən istifadə edə bilərlər.

Təklif ölkədə ciddi tənqidlərə səbəb olub. Keçmiş hərbi zabitlərdən bəziləri bu cür dəyişikliklərin ordunun nüfuzuna zərər verə biləcəyini bildiriblər. Keçmiş polkovnik-leytenant Stüart Krouford belə addımların silahlı qüvvələri “ictimai istehza mövzusuna” çevirə biləcəyi barədə xəbərdarlıq edib.

Böyük Britaniyanın kölgə müdafiə naziri Mark Fransua isə qərarın vaxtını tənqid edərək bildirib ki, “kamuflyaj kremindən rimelə keçidin Vladimir Putin kimi təhlükələri dayandıracağına inanmaq çətindir”.

Britaniya ordusunun nümayəndələri isə bildiriblər ki, yayılan sənəd hələ rəsmi qərar deyil və yalnız hərbçilərin rəyini öyrənmək üçün aparılan məsləhətləşmə prosesinin bir hissəsidir.