“Breaking Bad” serialında Qas Frinq obrazı ilə tanınan amerikalı aktyor Cankarlo Espositonun Səudiyyə Ərəbistanında İslamı qəbul etdiyi bildirilir.
MSNews.az xəbər verir ki, “Saudi Gazette” Səudiyyə Ərəbistanı Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyxə istinadən aktyorun şəhadət gətirdiyini və çəkiliş qrupu üzvləri ilə birlikdə namazda iştirak etdiyini yazıb.

Sosial şəbəkələrdə yayılan videoda Esposito məsciddə digər şəxslərlə birlikdə İslamın əsas iman ifadəsi olan şəhadəti səsləndirir. Əl-Şeyx paylaşımında aktyorun Səudiyyə Ərəbistanında çəkilişlər zamanı müsəlmanlarla ünsiyyətdən təsirləndiyini bildirib.
“Dawn” isə yazır ki, Espositonun qərarı onun ölkədəki müsbət təcrübələri və çəkiliş prosesində qarşılaşdığı qonaqpərvərliklə əlaqələndirilir. Bununla belə, aktyorun özü hələlik qərarı ilə bağlı geniş şəxsi açıqlama yaymayıb.
Esposito hazırda Səudiyyə Ərəbistanında çəkilən “7 Dogs” film layihəsi ilə gündəmdədir. “Arab News” bu filmi böyük büdcəli, əsasən Ər-Riyadda çəkilən Səudiyyə dəstəkli aksiyon layihəsi kimi təqdim edir. Filmdə Cankarlo Esposito ilə yanaşı, Ahmed Ezz, Karim Abdel Aziz və Maks Huanq kimi aktyorlar da yer alır.