Bəşər Əsəd Suriyada ölüm cəzasına məhkum edildi

Dəməşq məhkəməsi Suriyanın sabiq prezidenti Bəşər Əsədi qiyabi olaraq qəsdən adamöldürmə, işgəncə, qanunsuz həbs və bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

54

Suriyanın sabiq prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib. Dəməşqin Dördüncü Cinayət Məhkəməsi onu qəsdən adamöldürmə, işgəncə, qanunsuz həbs və bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib.

MSNews.az xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi “SANA” məhkəmə qərarının avqustun 11-də elan edildiyini bildirib. Bəşər Əsədlə yanaşı, onun qardaşı Mahir Əsəd və keçmiş yüksək vəzifəli təhlükəsizlik rəsmiləri də ölüm cəzasına məhkum olunublar.

“Reuters” bildirir ki, bu, 2024-cü ilin dekabrında hakimiyyətdən devrilərək Rusiyaya gedən Bəşər Əsədə qarşı Suriya məhkəməsinin çıxardığı ilk hökmdür. Əsəd hazırda Rusiyada yaşayır və prosesdə iştirak etməyib.

“Associated Press” yazır ki, ölüm hökmü alanlar arasında Əsədin qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atif Nəcib də var. Nəcib təqsirləndirilən əsas şəxslər arasında məhkəmədə fiziki olaraq iştirak edən yeganə şəxs olub.

Məhkəmə işi Əsəd hakimiyyəti dövründə, o cümlədən 2011-ci ildə başlayan etirazların yatırılması və sonrakı vətəndaş müharibəsi zamanı törədilmiş cinayətlərlə bağlıdır. Bəşər Əsəd 2000-ci ildən 2024-cü ilin dekabrında hakimiyyətini itirənədək Suriyaya rəhbərlik edib.

Hökm Suriyanın yeni hakimiyyəti tərəfindən keçid dövrü ədalətinin mühüm mərhələsi kimi təqdim olunur. Bununla yanaşı, bəzi hüquq müdafiəçiləri ölüm cəzasının tətbiqi və məhkəmə prosesinin prosedurları ilə bağlı narahatlıqlarını ifadə ediblər.