BBC Arabic qalmaqalı: Qəzza müharibəsi xəbərlərində önyargı və manipulyasiya iddiaları

Sızdırılan daxili hesabat BBC Arabic-in Qəzza müharibəsi zamanı İsraili “təcavüzkar” kimi göstərdiyini və HƏMAS mövqelərinə geniş yer verdiyini ortaya qoyur. BBC rəhbərliyi tənqidlərlə üzləşir, Ofcom və mədəniyyət naziri araşdırma çağırışları edib.

77

BBC-nin ərəb dilində yayımlanan xidmətinin (“BBC Arabic”) Qəzza müharibəsi zamanı İsraili “təcavüzkar” kimi göstərmək məqsədi güddüyü iddia olunur. Bu iddialar, təşkilatın daxilində sızdırılan daxili hesabatdan sonra ortaya çıxıb.

Sızdırılan hesabatda nə var?

Keçmiş məsləhətçi Maykl Preskottun hazırladığı hesabatda bildirilir ki, BBC Arabic HƏMAS-ın açıqlamalarına geniş yer verib, İsrailin mövqelərini isə kifayət qədər yoxlamadan təqdim edib, bəzi hallarda İsrail haqqında “ən pisə inanmağa meyil” nümayiş etdirib.

Hesabatda deyilir ki, BBC Arabic-in xəbərləri, ana BBC saytındakı xəbərlərdən “kəskin dərəcədə fərqli” olub. Məsələn, ingiliscə saytda İsraildə öldürülən uşaqlardan bəhs olunarkən, BBC Arabic versiyasında bu tamamilə çıxarılıb. İngiliscə sayt HƏMAS-ı tənqid edən 4 yazı yayımlayıb, BBC Arabic isə heç birini dərc etməyib.  Amma İsrailə qarşı tənqidi olan hər yazı ərəb versiyasında təkrarlanıb.

Antisemit çıxışlara yer verildiyi iddiası

Sənədlərdə qeyd olunur ki, BBC Arabic antisemit fikirlər səsləndirən şəxslərə tez-tez efir imkanı verib. Məsələn, “Yəhudilər Hitler kimi yandırılmalıdır” deyən bir şəxs 18 ay ərzində 244 dəfə, israilliləri “şeytan” adlandıran digər bir şəxs isə 522 dəfə BBC Arabic proqramlarında çıxış edib.

BBC rəhbərliyinə tənqidlər

BBC-nin sabiq rəhbərlərindən Denni Koen bildirib ki, bu hallar “BBC-nin artıq etibarlı qurum olmadığını göstərir” və məsul şəxslər “utanaraq istefa verməlidir”. Preskott isə yazır:

“BBC rəhbərliyi ərəb xidmətindəki sistemli problemləri etiraf etmir və heç bir tədbir görmür.”

Bu sızmadan sonra Böyük Britaniyanın mədəniyyət naziri Liza Nandi və media tənzimləyicisi Ofcom BBC-də önyargı və manipulyasiya iddialarını araşdırmaq üçün çağırışlarla üzləşib. BBC-nin Qəzza müharibəsini işıqlandırması ilə bağlı onlarla şikayət olduğu bildirilir.

BBC-nin daxili araşdırması da təsdiqləyib ki, təşkilat Qəzzadəkı ölənlərin sayına dair HƏMAS tərəfindən təqdim olunan rəqəmlərə “həddindən artıq” güvənib.
Sonradan BMT bu rəqəmləri azaldaraq 70%-dən 52%-ə endirib.

BBC-nin baş redaktor müavini Conatan Munro bu tənqidlərə cavab olaraq bildirib ki, BBC Arabic “Qərb üçün deyil, regionda yaşayanlar üçün xəbərləri əks etdirir” və bu, “daha geniş anlayış yaratmağa kömək edir”.
O, həmçinin BBC Arabic-in “demək olar ki, Al Jazeera qədər etibarlı” olduğunu deyib.

Preskott isə buna cavab olaraq yazıb:

“Əgər BBC artıq Al Jazeera-nı öz ‘qızıl standartı’ hesab edirsə, bu, onun əsas məqsədindən — obyektiv və balanslı xəbər yaymaqdan uzaqlaşdığını göstərir.”

Bu qalmaqal, Britaniyada dövlət tərəfindən maliyyələşdirilən media qurumunun neytrallıq prinsiplərinə sadiqliyi ilə bağlı yeni mübahisə yaradıb.

İsmayıl Süleymanov