Azərbaycanda Aİ-92 markalı benzinin bir litri 5 qəpik, dizel yanacağının isə 10 qəpik artırılıb. Bu barədə Tarif Şurasının məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, son illərdə iri şəhərlərin əhalisinin artması və ətraf qəsəbələrdə yaşayanların sayının çoxalması nəqliyyat sistemləri və hərəkətlilik sahəsində yeni çağırışlar yaradıb.
Müntəzəm sərnişin daşımalarının dayanıqlığını təmin etmək, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini və təhlükəsizliyini artırmaq, eləcə də daşımacıların fəaliyyətini beynəlxalq standartlara uyğun səmərəli şəkildə təşkil etmək məqsədilə 2025-ci ilin sentyabr ayında “İctimai Nəqliyyat” adlı hədəfli büdcə fondu yaradılıb.
Fondun maliyyə mənbələrindən biri kimi avtomobil benzini, dizel yanacağı və sıxılmış qazın hər litrindən yol vergisinin bir hissəsinin Fond hesabına köçürülməsi müəyyən edilib.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, hər litr yanacaq üçün yol vergisi 7 qəpik müəyyən olunub.
Buna uyğun olaraq Tarif (qiymət) Şurasının qərarı ilə Aİ-92 markalı benzinin bir litri 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizel yanacağının bir litri isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb.