Azərbaycan və İordaniya arasında əməkdaşlıq proqramı təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan və İordaniya hökumətləri arasında 2025–2027-ci illər üzrə elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və media sahələrini əhatə edən İcraedici Əməkdaşlıq Proqramını təsdiqləyib.

76

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illəri əhatə edən İcraedici Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il 27 noyabr tarixində Bakı şəhərində imzalanmış və elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində əməkdaşlığı nəzərdə tutan proqram rəsmi olaraq təsdiqlənib.

Sənədə görə, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının icrasını təmin edəcək. Eyni zamanda, Xarici İşlər Nazirliyinə proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlandığı barədə İordaniya Haşimilər Krallığı Hökumətinə rəsmi bildiriş göndərilməsi tapşırılıb.

Qeyd edək ki, bu proqram iki ölkə arasında humanitar və sosial sahələrdə əlaqələrin daha da dərinləşdirilməsinə və institusional əməkdaşlığın genişləndirilməsinə xidmət edir.