Avropanın ən sirli daşı bankın kassasından çıxdı

Kanadada bank kassasında illərdir gizlənən Habsburq krallıq xəzinəsi aşkar edildi. Aralarında tarixi qiymətə malik "Florentin almazı"nın da olduğu qiymətli daşlar yenidən gündəmə gəldi və sərgilənəcək.

81

Kanadada yerləşən bir bankın kassasında, uzun illər boyunca gizlədilmiş və Avropanın ən məşhur daşlarından biri hesab olunan tarixi xəzinə tapılıb. Bu tapıntı arasında dünyanın ən məşhur qiymətli daşlarından sayılan “Florentin almazı” da yer alır.

Bu qiymətli kolleksiya, Avstriya-Macarıstan İmperatorluğunun ən məşhur sülalələrindən biri olan Habsburq ailəsinə məxsus krallıq cəvahiratlarındandır və Birinci Dünya Müharibəsindən sonra itkin düşdüyü güman edilirdi.

Tapılan qutu, əvvəllər Avstriya-Macarıstan imperatorluğunun sonuncu imperatriçası Zita tərəfindən Kanadaya gətirilmişdi. İmperatriça, imperiyanın dağılması və sürgün illərində qiymətli daş və cəvahiratları bu qutunun içində bank kassasında saxlatmış və 1922-ci ildə həyat yoldaşı imperator Karlın ölümündən sonra ən azı 100 il boyunca onun açılmaması üçün göstəriş vermişdi.

Bu göstərişə uyğun olaraq açılmayan qutu, indi Zitanın nəvəsi olan Karl von Habsburq-Lotringen tərəfindən açılıb. Habsburq ailəsi tapılan bütün cəvahiratların öz kolleksiyalarına aid olduğunu açıqlayıb və onlarla bağlı məlumatları ictimaiyyətlə bölüşmək istədiklərini bildirib.

Xüsusilə, diqqət çəkən parça “Florentin almazı”dır – bu açıq sarı rəngli almaz keçmişdə Mediçi ailəsinə, sonradan isə evlilik yolu ilə Habsburq sülaləsinin kolleksiyasına daxil olmuşdu. İmperatorluğun süqutundan sonra izi itmiş bu daş barəsində uzun illər oğurlandığı və ya gizlədildiyi barədə müxtəlif versiyalar mövcud idi.

Qutudan başqa broşürlər, saray modasını əks etdirən digər daşlar və müxtəlif əsərlər də tapılıb. Habsburq ailəsi bu xəzinəni Kanadada müvəqqəti sərgiləmək niyyətindədir – bu, ölkənin İkinci Dünya Müharibəsi illərində imperator ailəsinə verdiyi sığınacağa minnətdarlığını ifadə etmək məqsədi daşıyır. Sərgidən sonra cəvahiratların yenidən bank kassasına qaytarılması planlaşdırılır.

Hazırda Avstriyada “Florentin almazı”nın mülkiyyət məsələsi ilə bağlı hüquqi və siyasi müzakirələr də başlanıb: daşın ailəyəmi, dövlətəmi aid olduğu haqqında debatlar yenidən gündəmə gəlməkdədir.