Avropada İslamofobiya: Müsəlmanlara qarşı ayrı-seçkilik qurumsallaşır və normallaşır

2024-cü il Avropa İslamofobiya Hesabatı göstərir ki, islamofobiya yalnız fərdi önyargılardan çıxaraq siyasət, media və dövlət siyasətlərində strukturlaşmış və normallaşmış bir ayrı-seçkilik rejimi halını alıb.

73

Avropada islamofobiya rəsmi səviyyədə normallaşır və kurumsallaşır. 2024-cü il üçün hazırlanmış Avropa İslamofobiya Hesabatı göstərir ki, müsəlmanlara qarşı ayrı-seçkilik yalnız fərdi önyargılardan ibarət qalmayıb, siyasət, media və dövlət siyasətlərinin bir hissəsinə çevrilib. Xüsusilə, Qəzza hadisələrindən sonra Fələstinə dəstək verən müsəlmanlara qarşı təzyiq və ayrı-seçkilik kəskin şəkildə artıb.

Hesabat Avropa və Asiyadan 29 ölkəni əhatə edir və göstərir ki, islamofobiya artıq yalnız görünən bir problem deyil, həm də strukturlaşmış və qanuni çərçivədə normallaşmış bir ayrı-seçkilik rejimi halını alıb. Son on ildə müsəlmanlara qarşı irqi ayrı-seçkilik, marjinal qrupların deyil, əsas axın siyasət, media və dövlət siyasətlərinin bir hissəsinə çevrilib.

Hesabatın redaktorları Türk-Alman Universitetindən Prof. Dr. Enes Bayraklı və William and Mary Universitetindən Prof. Dr. Farid Hafezdir. 2024-cü ilin məlumatları göstərir ki, 2023-cü ildə Norveç, İspaniya və Yunanıstanda nifrət cinayətləri artmış, Fransa və Danimarkada isə hüquqi və institusional ayrı-seçkilik davam etmişdir. Yeni məlumatlar bu tendensiyanın Avropada daha da dərinləşdiyini ortaya qoyur.

Xüsusilə, Qəzza sonrası, Fələstinə dəstək verən müsəlmanlar nümayişlərin qadağan olunması, polis müdaxiləsi, həbs, işdən çıxarılma və universitetlərdə disiplin tədbirləri ilə üzləşiblər. Hesabatda qeyd olunur ki, bu proses zamanı ifadə azadlığı məhdudlaşdırılıb, İsrailin fəaliyyətlərini tənqid edən müsəlmanlar “antisemitizm” ittihamı ilə susdurulub.

2015-ci ildən bəri aparılan araşdırmalar islamofobiyanı müvəqqəti reaksiya deyil, Avropa cəmiyyətlərinə kök salmış bir irqi ayrı-seçkilik növü olaraq sənədləşdirib. 2024-cü il hesabatı göstərir ki, islamofobiya bir çox ölkədə dövlət siyasətində, təhlükəsizlik tədbirlərində və mediada gündəlik normaya çevrilib.

Hesabat həmçinin bildirir ki, islamofobik təbliğat siyasi dil və təhlükəsizlik siyasətlərinə təsir edir, müsəlmanların ictimai xidmətlərə çıxışından işgüzarlığa, təhsildən ədalət sisteminə qədər bərabərlik anlayışını zədələyir. 2024-cü ilin ən diqqət çəkən nəticələrindən biri islamofobiyanın dövlət siyasətləri vasitəsilə legitimləşdirilməsi riski olub.

Almaniyada islamofobiya təhlükəsizlik, radikallaşma və inteqrasiya məsələləri çərçivəsində rəsmi şəkildə tətbiq olunur. Camilər, islami təşkilatlar və müsəlman qeyri-hökumət qurumları faktiki bir cinayət elementi olmasa da davamlı olaraq izlənilir. Müsəlmanlar cəmiyyətin təbii bir hissəsi kimi deyil, izlənməsi lazım olan qrup kimi təqdim olunur.

Fransada dövlət əlilə ayrı-seçkilik həyata keçirilir; laiklik prinsipi müsəlmanların ictimai həyatdan kənarlaşdırılmasının vasitəsinə çevrilib. Baş örtüsü qadağaları və inzibati tədbirlər dövlət tərəfindən tətbiq edilən ayrı-seçkiliyi əks etdirir. Niderlandda “uyğunlaşma” siyasəti çərçivəsində, Avstriyada “Siyasi İslam” qanunları ilə müsəlmanlar kriminalizə edilir. Skandinaviya ölkələrində isə Quran yandırma provokasiyaları ifadə azadlığı kimi qorunmaqla, müsəlmanlar arasında güvənsizliyi daha da dərinləşdirir.