Avropa ölkələri ABŞ-ın Qəzza planında iştirakını yenidən nəzərdən keçirir

"Reuters"-in eksklüziv məlumatına görə, bəzi Avropa ölkələri ABŞ rəhbərliyində fəaliyyət göstərən Qəzza üzrə Mülki-Hərbi Koordinasiya Mərkəzinə personal göndərməyi dayandırmağı müzakirə edir. Diplomatlar mərkəzin nəticəsiz və istiqamətsiz olduğunu bildirir.

19

Bir sıra Avropa ölkələri ABŞ rəhbərliyində fəaliyyət göstərən Qəzza üzrə Mülki-Hərbi Koordinasiya Mərkəzində (CMCC) iştiraklarını yenidən dəyərləndirir. Səbəb kimi mərkəzin müharibədən ciddi zərər görmüş Qəzzaya humanitar yardım axınını artıra bilməməsi və siyasi irəliləyiş əldə etməməsi göstərilir.

CMCC İsrailin cənubunda, Qəzza sərhədi yaxınlığında 2025-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planı çərçivəsində yaradılıb. Mərkəzin əsas vəzifələri İsrail-HƏMAS atəşkəsinə nəzarət, humanitar yardımın daxil olmasının asanlaşdırılması və müharibədən sonrakı Qəzza üçün siyasətlərin hazırlanması idi.

Almaniya, Fransa, Böyük Britaniya, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla onlarla ölkə mərkəzə hərbi planlaşdırma və kəşfiyyat sahəsində çalışan nümayəndələr göndərmişdi. Lakin səkkiz xarici diplomat “Reuters”-ə bildirib ki, bəzi Avropa ölkələrinin nümayəndələri Milad və Yeni il tətillərindən sonra mərkəzə qayıtmayıb. Bir Qərb diplomatı CMCC-ni “istiqamətsiz” adlandıraraq, mərkəzin məqsədinin sual altına düşdüyünü deyib.

Diplomatların sözlərinə görə, bəzi Avropa hökumətləri CMCC-dəki iştirakını azaltmağı və ya ümumiyyətlə personal göndərməyi dayandırmağı müzakirə edir. Hansı ölkələrin bu mövqeni yenidən nəzərdən keçirdiyi açıqlanmayıb. Ağ Ev və ABŞ Dövlət Departamenti isə məsələ ilə bağlı sorğulara cavab verməyib.

Mərkəz ABŞ generalı tərəfindən idarə olunur və burada həm ABŞ, həm də İsrail hərbçiləri fəaliyyət göstərir. CMCC Trampın atəşkəs planının birinci mərhələsinin əsas elementlərindən biri hesab edilsə də, Qəzzada davam edən İsrail hava zərbələri planın dayanıqlığını zəiflədib.

Tramp administrasiyası Qəzza planının ikinci mərhələsinə keçildiyini və “Sülh Şurası” adlı yeni qurumun yaradılacağını açıqlasa da, CMCC-nin gələcəkdə siyasət və yardım bölgüsündə hansı rolu oynayacağı aydın deyil. Diplomatlar mərkəzin Qəzza üzrə yeni strukturlarla necə koordinasiya edəcəyinin də naməlum qaldığını bildiriblər.

Eyni zamanda Qəzza-Misir sərhədinin hələ də açılmadığı, humanitar yardımın artmadığı və İsrailin yardım siyasətinə faktiki nəzarəti saxladığı qeyd olunur. Diplomatların sözlərinə görə, Qəzzaya daxil olan yük maşınlarının əhəmiyyətli hissəsi humanitar deyil, kommersiya malları daşıyır və İsrail “ikili təyinatlı” sayılan bir çox məhsula hələ də icazə vermir.

Mənbələr bildirir ki, Avropa ölkələri CMCC-dən rəsmi şəkildə çıxmaqdan çəkinir. Bunun səbəbləri arasında Vaşinqtonun qəzəbinə tuş gəlməmək və gələcəkdə mərkəzin əhəmiyyəti artacağı təqdirdə yenidən fəal iştirak imkanını saxlamaq istəyi göstərilir. Eyni zamanda, Avropa diplomatları hesab edir ki, CMCC-dən tam çıxış İsrailin müharibədən sonrakı Qəzza siyasətinə təsirini daha da artıra bilər.