İtaliyanın “Atalanta” klubu yeni emblemini təqdim etməyə hazırlaşır. İtaliya mediasının məlumatına görə, Berqamo təmsilçisi loqonu mayın 22-də, klubun 2024-cü ildə UEFA Avropa Liqasını qazanmasının ikinci ildönümündə təqdim edə bilər.
“Atalanta” həmin tarixi sosial şəbəkələrdə yayımladığı qısa video ilə anons edib.
Yeni emblem klubun 1993-cü ildən istifadə etdiyi oval formalı loqonu əvəz edə bilər. Məlumatlara görə, “Atalanta” dairəvi formaya qayıtmağı planlaşdırır. Bu dizayn 1980-ci illərdə istifadə olunan klassik loqo versiyalarından ilhamlanıb.
MSNews.az məlumatı yerli “L’Eco di Bergamo” nəşrinə istinadən verir.
“Footy Headlines” yazır ki, yeni loqo daha minimalist olacaq: oval forma, klubun adı və “1907” təsis ili çıxarıla, əsas diqqət isə “Dea” obrazının profilinə yönəldilə bilər. Yeni emblemin 2026/27 mövsümü formalarında debüt edəcəyi gözlənilir.
Loqo dəyişikliyi azarkeşlər arasında birmənalı qarşılanmayıb. Bəzi fanatlar yeni dizaynın rəqəmsal platformalar və klub məhsulları üçün daha uyğun olduğunu düşünür, digərləri isə sadələşdirilmiş emblemin klubun tarixi kimliyini zəiflətdiyini bildirirlər.
“Atalanta”nın yeni emblem təqdimatını Avropa Liqası zəfərinin ildönümünə salması təsadüfi görünmür. Berqamo klubu 2024-cü il mayın 22-də Dublində “Bayer Leverkuzen”i məğlub edərək tarixində ilk böyük Avropa kubokunu qazanmışdı və bu tarix klubun müasir tarixində xüsusi yer tutur.