Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı yeni qətnamənin qəbulu müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, AŞPA iyunun 24-də Strasburqda keçirilən plenar iclasda “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamənin qəbul edildiyini açıqlayıb.
Qətnamə belçikalı deputat Kristof Lakruanın hazırladığı hesabat əsasında qəbul olunub. Sənəddə Azərbaycanda media, vətəndaş cəmiyyəti, siyasi fəaliyyət və insan hüquqları sahəsində vəziyyətlə bağlı narahatlıq ifadə edilib.
AŞPA sənədində Azərbaycanı Avropa Şurası Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. Assambleya, həmçinin Azərbaycan nümayəndə heyətinin 2025 və 2026-cı illər üçün mandat təqdim etməməsinə baxmayaraq, ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərinin qüvvədə qaldığını bildirib.
Müzakirə zamanı ukraynalı deputatlar Tamila Taşeva və Aleksey Qonçarenko Azərbaycanın mövqeyini müdafiə edən çıxışlar ediblər.
Məlumata görə, Tamila Taşeva çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa etdiyini və Cənubi Qafqazda sülh prosesinin mürəkkəb kontekstdə davam etdiyini bildirib.
Aleksey Qonçarenko isə qətnaməni dəstəkləməyəcəyini deyərək, AŞPA-nın məqsədinin Azərbaycanı təşkilatdan uzaqlaşdırmaq yox, onu Avropa institutları ilə dialoqda saxlamaq olmalı olduğunu vurğulayıb. O, Azərbaycanın Avropa ilə əməkdaşlığının regionda sülh və sabitlik baxımından vacib olduğunu qeyd edib.
Ukraynalı deputatların çıxışları Azərbaycan ictimaiyyətində müsbət qarşılanıb. Qeyd olunur ki, Azərbaycan uzun illərdir Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyevdən gələn bu mövqe iki ölkə arasında siyasi həmrəyliyin göstəricisi kimi dəyərləndirilir.