ASEAN Tailand və Kamboca arasındakı münaqişəni dayandırmaq üçün Malayziyada təcili toplanır

ASEAN xarici işlər nazirləri Tailand və Kamboca arasında yenidən alovlanan sərhəd toqquşmalarını dayandırmaq və atəşkəs razılaşmasını bərpa etmək üçün Kuala Lumpurda görüşür.

84

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Tailand və Kamboca arasında artan sərhəd gərginliyini aradan qaldırmaq məqsədilə Malayziyanın paytaxtı Kuala Lumpurda bir araya gəlir.

ASEAN bu il gərginliyi azaltmaq üçün ikinci dəfə fövqəladə formatda toplanır. 7 dekabrda yenidən alovlanan toqquşmalardan sonra Tailand və Kamboca nümayəndələri ilk dəfə üz-üzə görüş keçirəcəklər.

Toplantı Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənin sədrliyi ilə keçiriləcək. Görüşdə, iyul ayında Malayziyanın vasitəçiliyi və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş atəşkəs razılaşmasının yenidən qüvvəyə minməsi əsas hədəf kimi müəyyən edilib.

Xatırladaq ki, iyulda əldə edilən və 26 oktyabrda Kuala Lumpurda keçirilən 47-ci ASEAN Zirvə Toplantısında imzalanan atəşkəsə baxmayaraq, tərəflər arasında qarşıdurmalar yenidən başlamışdı.

Son toqquşmalar nəticəsində Kambocada 18 mülki şəxs, Tailandda isə 21 hərbçi həlak olub, minlərlə insan yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.

Tailand və Kamboca arasında 817 kilometrlik sərhəd xətti mövcuddur. İki ölkə arasındakı mübahisə sərhədlərin XIX əsrin sonlarında, Fransanın Kambocanı işğal etdiyi dövrdə müəyyənləşdirilməsi ilə bağlıdır.

İlk ciddi toqquşmalar 2008-ci ildə, Kambocanın mübahisəli ərazidə yerləşən XI əsrə aid tarixi məbədi UNESCO Dünya İrsi Siyahısına daxil etdirmək cəhdindən sonra baş vermişdi.

Bu ilin oktyabrında elan edilən atəşkəsə baxmayaraq, 7 dekabrda yenidən başlayan qarşıdurmalarda tərəflər bir-birini günahlandırıb. Nəticədə hər iki ölkədə yüz minlərlə insan sərhəd bölgələrindən təxliyə edilib.

ABŞ Prezidenti Donald Tramp 12 dekabrda Tailand və Kamboca liderləri ilə apardığı danışıqlardan sonra tərəflərin atəşkəsi qəbul etdiyini açıqlamışdı. Bununla belə, Tailandın Baş naziri Anutin Çarnvirakul Trampın bəyanatından sonra bildirib ki, “Tailand öz ərazisi və əhalisi üçün təhlükə qalmadığına tam əmin olana qədər hərbi əməliyyatlarını davam etdirəcək.”