ABŞ Prezidenti Donald Trampın administrasiyasında Aparat rəhbəri vəzifəsini icra edən Syuzan Uaylsın “Vanity Fair” jurnalına verdiyi müsahibə ölkədə ciddi qalmaqala səbəb olub. Uayls müsahibəsində Trampın şəxsiyyəti ilə bağlı sərt ifadələr işlədib, həmçinin milyarder İlon Mask haqqında səs-küylü iddialar səsləndirib.
Uayls Donald Tramp üçün “alkoqolik xarakterə malik bir şəxsiyyət” ifadəsini işlədib. O bildirib ki, Tramp alkoqol qəbul etməsə də, alkoqolik ailədə böyüməyin onun xarakterində müəyyən xüsusiyyətləri gücləndirdiyini düşünür. Uayls özünü insan xarakterlərini yaxşı analiz edən biri kimi təqdim edərək bu qənaətə gəldiyini vurğulayıb.
Aparat rəhbəri həmçinin Trampın siyasi rəqiblərinə qarşı sərt hüquqi addımlar ata biləcəyini istisna etməyib, lakin onun daim intiqam hissi ilə hərəkət edən biri olmadığını qeyd edib. Bununla belə, Uayls Tramp barədə “Onun edə bilməyəcəyi heç nə yoxdur” ifadəsini işlədib.
Müsahibədə İlon Maskla bağlı səsləndirilən fikirlər isə daha böyük rezonans doğurub. Uayls Maskı Ağ Evin yaxınlığındakı İdarəetmə Ofisi binasında yuxu tulumunda yatan və ketamin istifadə edən şəxs kimi təsvir edib. Onun sözlərinə görə, Mask qeyri-adi və qəribə xarakterə malik dahidir və bu xüsusiyyətlər bəzən administrasiyanın işini çətinləşdirir.
Uayls Maskın hökumət xərclərini azaltmaq təşəbbüslərini də tənqid edib. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin bağlanması ideyasına əvvəlcə kəskin etiraz etdiyini bildirib və bu yanaşmanın dağıdıcı nəticələr doğura biləcəyini vurğulayıb. Bununla yanaşı, o etiraf edib ki, Maskın sürətli və radikal yanaşması müəyyən sahələrdə dəyişiklik yarada bilər.
Müsahibə yayımlandıqdan dərhal sonra ABŞ gündəminə çevrilib. Syuzan Uayls “X” playtformasında paylaşım edərək fikirlərinin kontekstdən çıxarıldığını və məqsədli şəkildə təhrif olunduğunu iddia edib. Ağ Ev isə rəsmi mövqeyində Uaylsa dəstək verərək onun prezidentə sadiq olduğunu bəyan edib.
Donald Tramp “New York Post” qəzetinə açıqlamasında Uaylsı “möhtəşəm biri” adlandırıb və jurnalistin onu yanlış yönləndirmiş ola biləcəyini ehtimal edib. Tramp həmçinin bildirib ki, özünü “asılılıq yaradan və cəlbedici xarakterə malik biri” kimi görür və bu baxımdan Uaylsın sözlərinin müəyyən dərəcədə onun əvvəlki fikirləri ilə üst-üstə düşdüyünü düşünür.
İlon Mask isə səsləndirilən iddialara hələlik rəsmi reaksiya verməyib.