Alimlər plastik tullantılardan “peçenye” hazırlayıblar

ABŞ alimləri PET plastik və bitki tullantılarından alınan maddələri xüsusi maya göbələklərinin köməyi ilə zülal, yağ və vitaminlərə çevirərək 3D-printerdə “µBites” adlı peçenye prototipi hazırlayıblar.

10

ABŞ-nin Cənubi İllinoys Universitetinin alimləri PET plastik və kənd təsərrüfatı tullantılarından alınan maddələri mikroorqanizmlərin köməyi ilə qida komponentlərinə çevirərək 3D-printerdə peçenye prototipi hazırlayıblar.

MSNews.az xəbər verir ki, layihə NASA-nın uzunmüddətli kosmik missiyalar üçün alternativ qida mənbələrinin hazırlanmasına yönəlmiş Deep Space Food Challenge proqramı çərçivəsində yaradılıb. Tədqiqatın nəticələri avqustun 24-də Amerika Kimya Cəmiyyətinin ACS Fall 2026 toplantısında təqdim olunub. Bu barədə “American Chemical Society” məlumat yayıb.

Texnologiyada əsasən su və içki qablarının istehsalında geniş istifadə edilən PET plastikdən istifadə olunur. Plastik, qarğıdalı saplaqları və digər biokütlə əvvəlcə yüksək temperatur və təzyiq altında su və oksigenlə parçalanaraq mikroorqanizmlərin mənimsəyə biləcəyi kiçik molekullara çevrilir. Daha sonra xüsusi proqramlaşdırılmış maya göbələkləri həmin maddələrdən zülallar, yağlar, turşular, vitaminlər və digər qida komponentləri istehsal edir.

Əldə edilən qarışığa hazırda əlavə olaraq lif, nişasta və şirinləşdirici qatılır. Sonra kütlə 3D qida printerində lay-lay çap edilərək “µBites” adlandırılan zülalla zəngin peçenye formasına salınır. Başqa bir maya ştammı bitki mənşəli xammaldan vanilin, PET-in parçalanması zamanı yaranan etilenqlikoldan isə A vitamininin prekursoru olan beta-karotin istehsal edə bilir.

Alimlərin sözlərinə görə, mövcud təhlükəsizlik məlumatları prototipin istehlak üçün uyğun olduğunu göstərsə də, komanda insanlar üzərində rəsmi dad testlərinə başlamaq üçün institusional icazə gözləyir. Buna görə tədqiqatçılar peçenyeni hələ dadmayıblar. Əvəzində onun qoxusu qiymətləndirilib və iştirakçılar aromanı müsbət qarşılayıblar. Vanil qoxusu isə xüsusi maya tərəfindən istehsal olunan vanilinlə əlaqədardır.

Qeyd edək ki, söhbət plastikin birbaşa üyüdülərək peçenyeyə qatılmasından getmir. Plastik əvvəlcə kimyəvi olaraq parçalanır, daha sonra onun tərkibindəki karbon əsaslı molekullar mikroorqanizmlər tərəfindən yeni qida maddələrinə çevrilir.

Tədqiqatçılar gələcəkdə nişasta, lif və şirinləşdiricinin də mikroblar vasitəsilə istehsal edilməsini və “µBites”in bir neçə il ərzində geniş istehlak üçün hazır vəziyyətə gətirilməsini hədəfləyirlər. Texnologiyanın kosmik missiyalarla yanaşı, fəlakət zonaları və ərzaq çatışmazlığı olan ərazilərdə də istifadə oluna biləcəyi nəzərdən keçirilir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.