Almaniyanın idman geyimləri və avadanlıqları istehsalçısı “Adidas” Fransa futbolunun əfsanəsi Zinəddin Zidanla əməkdaşlıq çərçivəsində xüsusi padel raketləri kolleksiyasını təqdim edib. Yeni məhsulların üzərində dünya çempionunun ad və soyadının baş hərflərindən ibarət “ZZ” işarəsi yer alıb.
MSNews.az xəbər verir ki, “Padel Magazine” nəşrinin məlumatına görə, “Metalbone ZZ” adlanan kolleksiya Zidanın adı ilə buraxılan ilk xüsusi padel raketləri seriyasıdır.
Karbon modeli daha təcrübəli oyunçular üçün nəzərdə tutulub və 300 avroya satışa çıxarılıb. Daha əlçatan “Team” modelinin qiyməti isə 180 avrodur. Hər iki raket idarəetmə rahatlığı və zərbələrin dəqiqliyi nəzərə alınaraq hazırlanıb.
“PadelHoy” nəşrinin məlumatına əsasən, yeni kolleksiyanın reklam kampaniyasında Zidanla yanaşı, məşhur padel oyunçusu Alexandro Qalan da iştirak edib. Məhsullar oktyabrın 9-dan etibarən seçilmiş mağazalarda və rəsmi onlayn satış platformalarında təqdim olunur.
Qeyd edək ki, Zidan son illərdə padel idman növünün inkişafında da iştirak edir. O, 2021-ci ildə Fransada Z5 idman kompleksini yaradaraq bu sahəyə marağını nümayiş etdirib.
Yeni kolleksiya futbol əfsanəsinin idman dünyasındakı nüfuzunu padel sahəsinə daşıyan növbəti əməkdaşlıq layihəsidir.