ABŞ və İsrail İran ərazisinə qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını açıqlayıb. İsrailin müdafiə naziri Yisrael Katz bunu “önləyici zərbə” adlandırıb, ABŞ prezidenti Donald Tramp isə “İrana qarşı böyük əməliyyat başladılıb” bəyanatı ilə çıxış edib.
İranın paytaxtı Tehranda səhər saatlarında güclü partlayış səsləri eşidilib. İsrail hökuməti ölkə üzrə fövqəladə vəziyyət elan edib, əhaliyə sığınacaqlara yaxın olmaları və zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunub. Saat 08:14-dən etibarən İsrail ərazisində hava hücumu siqnalları səsləndirilib.
İsrail mediası hücumların İranın hərbi obyektlərinə və rejimə bağlı hədəflərə yönəldiyini iddia edir. Həmçinin yüksək rütbəli İran rəsmilərinin hədəfə alındığı barədə məlumatlar yayılıb. İran mətbuatının məlumatına görə, Tehrandan əlavə İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərləri də zərbələrə məruz qalıb. İran hava məkanı tam bağlanıb.
Prezident Donald Tramp sosial şəbəkədə yaydığı videomüraciətdə əməliyyatın məqsədinin “İran rejiminin ABŞ və müttəfiqlərinə qarşı təhdidlərini aradan qaldırmaq” olduğunu bildirib. O, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini vurğulayıb və ötən il həyata keçirilmiş “Gecə Yarısı Çekici” əməliyyatı çərçivəsində Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin məhv edildiyini iddia edib.
Tramp həmçinin İran İnqilab Keşikçilərinə və silahlı qüvvələrə silahı yerə qoymaq çağırışı edərək əks halda sərt nəticələrlə üzləşəcəklərini deyib.
İrana yaxınlığı ilə tanınan “Nournews” portalı ABŞ və İsrail hücumlarına cavab olaraq İsrail istiqamətinə onlarla ballistik raketin atıldığını bildirib. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi müharibəni özlərinin başlamadığını, lakin onun necə bitəcəyinin qarşı tərəfin nəzarətində olmayacağını bəyan edib.
İran Səhiyyə Nazirliyi Tehranda xəstəxanaların yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. Eyni zamanda ölkədə internet kəsintiləri və kiberhücumlar barədə məlumatlar yayılıb, rəsmi IRNA agentliyinin saytına girişdə problemlər yaranıb.
İsrail ordusu hücumlar fonunda işğal altındakı İordan çayının qərb sahilində onlarla nəzarət-buraxılış məntəqəsini bağlayıb. Bu isə ciddi nəqliyyat sıxlığına səbəb olub.
Hazırkı vəziyyət Yaxın Şərqdə genişmiqyaslı münaqişə riskini artırır və beynəlxalq ictimaiyyətin reaksiyası diqqətlə izlənilir.
******************************
İsrail mənbələri bildirir ki, Əli Xameneyi və Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi olub. Lakin onların təhlükəsiz şəraitdə olduqları bildirilir.
*****************************