ABŞ və İsrail barədə “saxta bayraq” iddiası: Türkiyə hədəfdə?

Ekspert Qlenn Disen ABŞ və İsrailin Türkiyəyə qarşı “saxta bayraq” ssenarisi ilə İranı günahlandıraraq Ankaranı müharibəyə çəkməyə çalışa biləcəyini iddia edib.

15

Beynəlxalq ictimaiyyətdə ABŞ və İsraillə bağlı diqqətçəkən iddialar gündəmə gəlib. Beynəlxalq münasibətlər üzrə ekspert Qlenn Disen bildirib ki, Türkiyəyə qarşı mümkün “saxta bayraq” ssenarisi hazırlanaraq İranın günahlandırılması ehtimalı nəzərdən keçirilə bilər. 

Ekspert bu fikirləri jurnalist Mario Naufalın proqramında səsləndirib. Onun iddiasına görə, belə bir ssenarinin məqsədi Türkiyəni birbaşa müharibəyə cəlb etmək deyil, daha çox ABŞ və İsrail blokuna siyasi və hərbi-logistik dəstək verməyə məcbur etmək ola bilər.

Disenin sözlərinə görə, bu plan çərçivəsində Türkiyəyə qarşı hücum təşkil edilərək məsuliyyətin İranın üzərinə atılması mümkün variant kimi nəzərdən keçirilir. Bu isə regionda daha genişmiqyaslı böhranın yaranmasına səbəb ola bilər.

Ekspert hesab edir ki, Türkiyə kimi böyük hərbi gücə və strateji mövqeyə malik ölkənin dəstəyi ABŞ və İsrail üçün böyük əhəmiyyət daşıyır. O vurğulayıb ki, Ankara birbaşa müharibəyə daxil olmasa belə, hava məkanı, yanacaq təminatı və kəşfiyyat dəstəyi belə ciddi strateji üstünlük yarada bilər.

Disen, eyni zamanda, qeyd edib ki, əsas məqsəd İranı uzunmüddətli “çökdürmə müharibəsi” ilə zəiflətməkdir. Bu strategiya çərçivəsində iqtisadi təzyiqlər, regional gərginlik və siyasi sabitsizlik vasitəsilə Tehranın gücünün sarsıdılması hədəflənə bilər.

Bununla yanaşı, analitik xəbərdarlıq edib ki, belə riskli addımlar əks effekt də verə bilər. Onun fikrincə, Türkiyəyə təzyiq göstərmək əvəzinə, bu, region ölkələrinin ABŞ-dan uzaqlaşmasına və alternativ güc mərkəzlərinə yaxınlaşmasına səbəb ola bilər.

Qeyd edək ki, bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və ekspert rəyi kimi qiymətləndirilir. Lakin açıqlamalar Yaxın Şərqdə artan gərginlik fonunda geosiyasi risklərin nə qədər yüksək olduğunu bir daha gündəmə gətirib.