ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşnerin Xarici İşlər Nazirliyinə çağırıldığı halda görüşə qatılmaması iki ölkə arasında diplomatik gərginliyi daha da artırıb. Fransız mediası bu addımı Paris–Vaşinqton münasibətlərində “yeni böhran mərhələsi” kimi qiymətləndirir.
Məsələ Lion şəhərində fevralın 12-də baş vermiş və bir gəncin ölümü ilə nəticələnən zorakılıq hadisəsi ilə bağlı ABŞ səfirliyinin sosial mediada yaydığı açıqlamadan sonra gündəmə gəlib. ABŞ-ın Parisdəki səfirliyi “X” platformasında yayımladığı bəyanatda gəncin “ifrat solçu radikallar tərəfindən öldürüldüyü” barədə məlumatların narahatlıq doğurduğunu bildirib və Fransada radikal solun artan təhlükəsinə diqqət çəkib.
Bu açıqlamalardan sonra Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ səfiri Kuşneri XİN-ə çağırıb. Lakin səfir görüşə qatılmayıb, onun yerinə nümayəndə heyəti göndərilib. Fransız diplomatik mənbələr bildiriblər ki, bu addımdan sonra Kuşnerin hökumət üzvləri ilə birbaşa görüş imkanları məhdudlaşdırılıb.
Nazir Barro “France Info” kanalına açıqlamasında bildirib ki, xarici diplomatların ölkənin daxili siyasi müzakirələrinə müdaxiləsi qəbuledilməzdir və XİN-in dəvətinə qatılmaq “diplomatik öhdəlikdir”. O, səfirin bu qərarından təəccübləndiyini də vurğulayıb.
Fransız mətbuatı, o cümlədən “Le Figaro”, “Le Monde”, “France 24″ və “La Croix” hadisəni geniş işıqlandıraraq, Kuşnerin daha əvvəl də antisemitizm məsələsi ilə bağlı Fransa hökumətini tənqid etdikdən sonra XİN-ə çağırıldığını xatırladıb.
Qeyd edək ki, Çarlz Kuşner ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin atasıdır. Onun İsrailin Baş naziri Benyamin Netanyahu və Tramp ailəsi ilə yaxın əlaqələri də fransız mediasında xüsusi vurğulanır.
Rəsmi Paris isə bəyan edib ki, mövcud vəziyyət iki ölkə arasında strateji münasibətlərə təsir etməyəcək, lakin səfirin Fransadakı fəaliyyət imkanlarına təsir göstərə bilər.